Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində dəmir yolu infrastrukturuna dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam edir. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) təhlükəsizliyin təmin olunması məqsədilə Bakı-Balakən marşrutu üzrə qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edib.
Məlumata görə, iyulun sonunadək Bakı-Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakəndən Bakıya yola düşən qatarlar isə marşruta Qax stansiyasından başlayacaq.
Bilet alan sərnişinlərə ödəniş geri veriləcək
ADY bildirib ki, dəmir yolunun tam bərpası və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə avqustun 1-dən etibarən Bakı–Balakən–Bakı istiqamətində reyslər müvəqqəti dayandırılacaq.
Bu səbəbdən həmin marşrut üzrə 1–13 avqust tarixləri üçün bilet alan bütün sərnişinlərə ödənilmiş məbləğ tam həcmdə geri qaytarılacaq. Qurum əlavə edib ki, bərpa işlərinin gedişi ilə bağlı ictimaiyyətə sonrakı mərhələlərdə əlavə məlumat veriləcək.
Qeyd edək ki, son günlər Qax, Zaqatala və Balakən rayonlarında yağan güclü yağışlar və çaylarda baş verən sel hadisələri nəticəsində Qax-Balakən dəmir yolu sahəsinə ciddi ziyan dəyib. Həmin sahədə qatarların hərəkəti iyulun 20-dək məhdudlaşdırılmışdı.





