“AzərEnerji” ASC işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun müasirləşdirilməsi istiqamətində növbəti layihələrini həyata keçirir. Şirkət tərəfindən Xankəndidə 110/35/10 kV-luq “Xankəndi-2”, Ağdərə rayonunda isə 110/35/10 kV-luq “Həsənriz” yarımstansiyaları sökülərək ən son rəqəmsal texnologiyalar əsasında yenidən tikilir. Layihələrin məqsədi regionun etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatını daha da gücləndirməkdir.
Yeni infrastruktur istifadəyə verildikdən sonra “Xankəndi-2” yarımstansiyası şəhərin, ətraf yaşayış məntəqələrinin və mühüm sosial-iqtisadi obyektlərin elektrik təchizatının keyfiyyətini artıracaq. “Həsənriz” yarımstansiyası isə Ağdərə rayonunun əhalisi və sənaye müəssisələri üçün enerji təminatının etibarlılığını yüksəltməklə yanaşı, “Sərsəng” və digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin vahid enerji sisteminə fasiləsiz ötürülməsinə xidmət edəcək.
Yeni yarımstansiyalar SCADA sistemi ilə idarə olunacaq
Hər iki enerji obyektində kommutasiya avadanlıqlarının məsafədən idarə edilməsi və bütün texnoloji göstəricilərin real vaxt rejimində izlənməsi üçün yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq. Bu sistemlər “AzərEnerji”nin Mərkəzi SCADA platformasına inteqrasiya edilərək enerji şəbəkəsinin operativ idarə olunmasına və mümkün nasazlıqlara daha sürətli reaksiya verilməsinə imkan yaradacaq.
Bundan əvvəl Xankəndidə 110/35/10 kV-luq “Xankəndi-1” qapalı tipli yarımstansiyası tam yenidən qurularaq istismara verilmişdi. Yeni layihələrin tamamlanması ilə “AzərEnerji”nin işğaldan azad olunmuş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq. Eyni zamanda bölgədə artıq 38 su elektrik stansiyası istifadəyə verilib, daha 8 SES-in tikintisi isə davam edir ki, bu da Qarabağ və Şərqi Zəngəzurun enerji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





