Əfsanəvi britaniyalı musiqiçi Devid Bouinin yaradıcılığının ilk illərinə aid indiyədək yayımlanmamış səsyazıları bu payız dinləyicilərə təqdim olunacaq. Parlophone leybli David Bowie: The Shel Talmy Recordings adlı yeni toplunun sentyabrın 18-də işıq üzü görəcəyini açıqlayıb. Albom Bouinin hələ Davie Jones səhnə adı ilə çıxış etdiyi dövrdə prodüser Şel Talmi ilə hazırladığı ən geniş arxiv kolleksiyası hesab olunur.
Hazırda albomdan ilk dəfə yayımlanan “I Want Your Love” mahnısı artıq rəqəmsal platformalarda dinlənilə bilir. Toplu ümumilikdə 22 trekdən ibarət olacaq və onların 10-u indiyədək heç vaxt rəsmi şəkildə yayımlanmayıb.
Yeni albomda həm indiyədək yayımlanmamış, həm də pərəstişkarların yaxşı tanıdığı erkən dövr mahnıları yer alacaq.
Əvvəllər işıq üzü görməyən bəstələr:
- Cupid
- Leave Her To Me
- Certain Woman
- Today
- I Live In Dreams
- I Do Believe I Love You
Topluya daxil edilən tanınmış mahnılar:
- You’ve Got A Habit Of Leaving
- Baby Loves That Way
- I Pity The Fool
Və digər erkən dövr səsyazıları.
Bu mahnıların əksəriyyəti 1965-ci ildə, Devid Bouinin The Manish Boys və Davie Jones & The Lower Third qrupları ilə əməkdaşlıq etdiyi dövrdə lentə alınıb.
Bəzi mahnıların yazılışında sonradan Led Zeppelin qrupunun gitaristi kimi şöhrət qazanan Cimmi Peyc, həmçinin The Beatles, The Rolling Stones və The Who ilə çalışmış məşhur pianoçu Nikki Hopkins də iştirak edib. Bütün materialların prodüseri isə The Kinks və The Who qrupları ilə uğurlu işləri ilə tanınan Şel Talmi olub.
Musiqi tarixçisi Alek Palaonun sözlərinə görə, Bouinin yaradıcılığı müxtəlif mərhələlərdən ibarət böyük bir musiqi yoludur və bu toplu həmin yolun başlanğıcını əks etdirən ən vacib hissələrdən biridir. Onun fikrincə, bu dövr sənətkarın sonrakı yaradıcılığını anlamaq üçün xüsusi əhəmiyyət daşıyır.
Davie Jones-dan David Bowie-yə uzanan yol
Şel Talmi gənc musiqiçi ilə 1964-cü ilin sonunda müqavilə bağlamışdı. Həmin vaxt Boui The Manish Boys qrupunda çıxış edir, daha sonra isə The Lower Third kollektivinə qoşulurdu. Məhz bu mərhələdə yazılan mahnılar onun gələcək musiqi üslubunun formalaşmasında mühüm rol oynayıb.
Bir müddət sonra sənətçi The Monkees qrupunun üzvü Deyvi Consla qarışıqlığın qarşısını almaq üçün səhnə adını David Bowie olaraq dəyişdi. O, 1969-cu ildə Space Oddity mahnısı ilə dünya şöhrəti qazandı, daha sonra isə yaratdığı Ziggy Stardust obrazı ilə rok musiqisinin ən təsirli simalarından birinə çevrildi. Karyerası ərzində 136 milyondan çox albom satan Boui Rock and Roll Hall of Fame-ə daxil edilib, onun altı albomu isə Rolling Stone jurnalının bütün dövrlərin ən yaxşı 500 albomu siyahısında yer alıb.
Xatırladaq ki, 2022-ci ildə Devid Bouinin varisləri onun bütün mahnılarının qlobal nəşr hüquqlarını Warner Chappell Music şirkətinə satmışdı. Müxtəlif media məlumatlarına görə, müqavilənin dəyəri təxminən 250 milyon dollar olub və sənətkarın demək olar ki, bütün musiqi kataloqunu əhatə edib.





