EvDünyaBab əl-Məndəbdə gərginlik artır: Səudiyyə koalisiyası ticarət gəmilərini qorumağa başladı

Bab əl-Məndəbdə gərginlik artır: Səudiyyə koalisiyası ticarət gəmilərini qorumağa başladı

Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti daha da gərginləşib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin mühafizəsi üçün xüsusi tədbirlərə başladığını açıqlayıb. Koalisiya eyni zamanda husilərin dəniz daşımalarına yönəlmiş hər hansı təhdidinə qətiyyətlə cavab veriləcəyini bəyan edib.

Koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib ki, həyata keçirilən tədbirlər beynəlxalq hüquqa və BMT-nin Dəniz Hüququ Konvensiyasına tam uyğundur. Onun sözlərinə görə, beynəlxalq ticarət gəmilərinə qarşı mümkün hücumlar açıq şəkildə dəniz quldurluğu və beynəlxalq hüququn pozulması hesab olunur.

Koalisiya husilərin iddialarını rədd edir

Turki əl-Maliki husilərin Yəmən limanları və hava limanlarının blokadaya alınması ilə bağlı səsləndirdiyi iddiaları da təkzib edib. O qeyd edib ki, 2026-cı ilin ilk altı ayında Hodeyda, Salif və Ras-İsa limanlarına ərzaq, yanacaq, tikinti materialları və digər yüklər daşıyan 300-dən çox ticarət gəmisi daxil olub. Bu məlumatın blokada iddialarını təkzib etdiyini vurğulayan koalisiya, humanitar və ticari yüklərin Yəmənə çatdırılmasının davam etdiyini bildirib.

Bab əl-Məndəb boğazı qlobal enerji və ticarət marşrutlarının ən vacib nöqtələrindən biri hesab olunur. Bu keçid vasitəsilə dünya dəniz neft ticarətinin təxminən 12 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının isə 8 faizi həyata keçirilir. Analitiklər bildirirlər ki, burada hər hansı uzunmüddətli fasilə enerji bazarlarında qiymət artımına və beynəlxalq yükdaşımaların bahalaşmasına səbəb ola bilər.

Son hadisələr gərginliyi daha da artırıb

İyulun 16-da İran husilərə Qırmızı dənizdə mümkün blokadaya hazır olmağı tövsiyə etdikdən sonra qruplaşma Bab əl-Məndəb yaxınlığında pilotsuz uçuş aparatları və raket sistemləri yerləşdirib. Ardınca husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini açıqlayıb və bunu Yəmənin nəzarətlərində olan ərazilərə tətbiq edilən məhdudiyyətlərə cavab kimi qiymətləndiriblər.

Gərginlik Səna hava limanına endirilən zərbələr və husilərin Səudiyyənin Abha şəhərinə raket və pilotsuz aparatlarla hücumundan sonra daha da dərinləşib. Müşahidəçilər hesab edirlər ki, son hadisələr 2022-ci ildən bəri qüvvədə olan kövrək atəşkəsin faktiki olaraq pozulduğunu göstərir və bölgədə yeni eskalasiya riskini artırır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər