Bakının Nəsimi rayonunda yerləşən “Bioloji Təbabət” Klinikası qarşısında çəkiliş aparan Baku TV-nin əməkdaşları insidentlə üzləşiblər. Telekanalın yaydığı məlumata görə, hadisə çəkiliş qrupu canlı bağlantını başa vurduqdan və reportajın hazırlanmasını davam etdirdiyi vaxt baş verib. Hadisə zamanı klinikanın rəhbəri olduğu bildirilən şəxs media nümayəndələrinə yaxınlaşaraq çəkiliş prosesinə mane olub və aqressiv davranış nümayiş etdirib.
Baku TV-nin paylaşdığı videogörüntülərdə həmin şəxsin kameraya zərbə endirdiyi, avadanlığın bir hissəsini zədələdiyi və operatorun xəsarət aldığı görünür. Telekanalın məlumatına əsasən, hadisə nəticəsində çəkiliş texnikasına da ziyan dəyib.
Baku TV bildirib ki, baş verən insidentlə əlaqədar hüquq-mühafizə orqanlarına və digər aidiyyəti dövlət qurumlarına rəsmi müraciət olunub. Hazırda hadisənin bütün təfərrüatlarının araşdırılması və hüquqi qiymət verilməsi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq və media nümayəndələrinə qarşı zor tətbiq etmək hüquqi məsuliyyət yarada bilər. Bu baxımdan hadisənin hüquqi müstəvidə araşdırılması və bütün halların dəqiqləşdirilməsi gözlənilir.





