Azərbaycan klublarının avrokuboklarda son çıxışlarından sonra UEFA ölkələr reytinqində mövqeyi dəyişməyib. Yeni hesablamalara əsasən, ölkəmiz 2026/2027 mövsümü üzrə 1,875 əmsal, ümumi beşillik reytinqdə isə 20,437 xal toplayaraq 26-cı sıradakı yerini qoruyub.
Mövsümün ilk mərhələlərində əldə olunan uğurlu nəticələr Azərbaycanın xal ehtiyatının artmasına mühüm töhfə verib. “Sabah”, “Qarabağ” və “Zirə” ilk təsnifat mərhələsini uğurla adlayaraq ölkənin əmsalını yüksəldiblər. “Sabah” UEFA Çempionlar Liqasında Uels təmsilçisi TNS-i iki oyunun yekununda (2:0, 2:1), “Qarabağ” UEFA Avropa Liqasında İslandiyanın “Vestri” klubunu (3:0, 3:0), “Zirə” isə UEFA Konfrans Liqasında Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını hər iki görüşdə 3:0 hesabı ilə mübarizədən kənarlaşdırıb.
Son nəticələr əmsala necə təsir etdi?
İkinci təsnifat mərhələsinin ilk oyunlarında da Azərbaycan təmsilçiləri reytinq hesabına xal qazandırmağı davam etdiriblər. “Sabah” doğma meydanda Finlandiyanın KuPS klubunu 1:0 hesabı ilə məğlub edərək ölkənin aktivinə daha 0,250 xal əlavə edib. “Qarabağ” isə Bolqarıstanın CSKA Sofiya komandası ilə qolsuz heç-heçə oynayaraq 0,125 xal qazandırıb.
Digər tərəfdən, “Zirə”nin Estoniyada “Payde”yə 0:1 hesabı ilə məğlub olması və “Neftçi”nin UEFA Konfrans Liqasında Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə uduzması Azərbaycanın ümumi mövqeyini dəyişməyib. Ölkə əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.
Hazırda Azərbaycanın ümumi əmsalı 20,437 xaldır. Ölkəmizdən yuxarı pillədə qərarlaşan İsrail 21,500 xala malikdir. Azərbaycan isə Slovakiyanı (19,375 xal) və Bolqarıstanı (19,062 xal) qabaqlayır. Növbəti təsnifat oyunlarının nəticələri 25-ci pilləyə yaxınlaşmaq baxımından böyük əhəmiyyət daşıyacaq. UEFA ölkələr reytinqinə isə hazırda 101,852 xal toplayan İngiltərə başçılıq edir.





