Hollivudun bir sıra məşhur simalarının əlaqə məlumatlarının internetdə açıq vəziyyətdə olduğu müəyyən edilib. Kiber təhlükəsizlik üzrə mütəxəssis Ceremaya Faulerin araşdırması nəticəsində Tribeca Film Festivalına aid qorunmayan məlumat bazasında minlərlə əlaqə məlumatı aşkar olunub. Siyahıda Ancelina Coli, Robert De Niro, Cennifer Lourens, Martin Skorseze, Morqan Friman, Rami Malek və digər tanınmış kino xadimlərinin adları yer alıb.
Mütəxəssisin sözlərinə görə, açıq vəziyyətdə qalan məlumat bazası 2019–2026-cı illəri əhatə edən 666 mindən çox qeyddən ibarət olub. Əsasən festivalın press-relizləri və marketinq materiallarını saxlayan bazada “contacts” adlı ayrıca qovluqda 13 500-dən çox əlaqə məlumatı yerləşdirilib. Burada telefon nömrələri, elektron poçt ünvanları və bəzi texniki cihaz məlumatları da mövcud olub.
Festival təşkilatçıları iddialara aydınlıq gətirdi
Tribeca Festivalının nümayəndələri məlumat bazası aşkar edildikdən dərhal sonra onun internetdən silindiyini bildiriblər. Təşkilatçılar vurğulayıblar ki, mediada yayılan məlumatlardan fərqli olaraq, ifşa olunan məlumatların böyük hissəsi aktyorların şəxsi əlaqə vasitələri deyil.
Onların açıqlamasında qeyd olunub:
“Heç bir məşhurun şəxsi telefon nömrələri açıqlanmayıb. Aşkarlanan məlumatların böyük əksəriyyəti PR agentləri, menecerlər, mətbuat xidmətləri və onsuz da açıq şəkildə istifadə olunan işgüzar əlaqə vasitələrindən ibarət idi.”
Sızmanın səbəbi haker hücumu olmayıb
Araşdırmanı aparan Ceremaya Fauler bildirib ki, hadisənin əsas səbəbi kiberhücum deyil, şifrələnməmiş ehtiyat nüsxəsinin internetdə açıq saxlanılması olub. Onun sözlərinə görə, məlumat bazasında ransomware və ya başqa müdaxilə izlərinə rast gəlinməyib və hazırda məlumatların cinayətkarlar tərəfindən istifadə edildiyini təsdiqləyən hər hansı sübut yoxdur.
Mütəxəssis bununla belə xəbərdarlıq edib ki, belə məlumatlar kiberdələduzlar üçün fişinq hücumları, zərərli proqramların göndərilməsi və tanınmış şəxslərin adından saxta yazışmalar aparılması baxımından ciddi risk yarada bilər. Məhz buna görə də o, məsələni müəyyən etdikdən dərhal sonra Tribeca Festivalının rəhbərliyinə məlumat verib və bazaya giriş qısa müddət ərzində bağlanıb.





