Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələ ciddi fəsadlara səbəb olub. Güclü yeraltı təkanlar nəticəsində binalar dağılıb, yollar və körpülər zədələnib, bəzi ərazilərdə yanğınlar başlayıb və minlərlə ev işıqsız qalıb. Hakimiyyət orqanları xəsarət alanların olduğunu təsdiqləyib, ölənlərin olub-olmaması isə araşdırılır.
Yaponiyanın Baş naziri Sanae Takaçi bildirib ki, hazırda fövqəladə xidmətlər hadisə yerlərində çalışır və zərərin miqyası dəqiqləşdirilir.
“Artıq xəsarət alanlarla bağlı məlumatlar daxil olub. Bəzi bölgələrdə yanğınlar baş verib, elektrik enerjisi kəsilib, yollar və körpülər zədələnib, binalar dağılıb. Hər kəsi təhlükəsiz yerlərə təxliyə olunaraq özünü qorumağa çağırıram”, – deyə hökumət başçısı vurğulayıb.
Sunami xəbərdarlığı verildi
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ Kumamoto prefekturasında yerli vaxtla saat 16:27-də baş verib. Yeraltı təkanların episentri təxminən 10 kilometr dərinlikdə yerləşib və ölkənin seysmik intensivlik şkalası üzrə ən yüksək – 7 bal qeydə alınıb.
Hadisədən dərhal sonra Ariake və Yatsuşiro dənizləri sahilləri üçün 1 metrədək sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib. Daha sonra təhlükənin azalması səbəbindən bu xəbərdarlıq ləğv edilsə də, sakinlərə sahil ərazilərindən uzaq durmaq və mümkün təkrar zəlzələlərə hazır olmaq tövsiyə olunub.
Güclü zəlzələ nəticəsində təxminən 40 min evdə elektrik enerjisi kəsilib, sürət qatarlarının hərəkəti dayandırılıb, Kumamoto hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Eyni zamanda, yaxınlıqdakı atom elektrik stansiyalarında hər hansı qəza və ya texniki nasazlıq qeydə alınmadığı açıqlanıb. Mütəxəssislər yaxın günlərdə güclü afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.





