Qlobal enerji bazarlarında neft qiymətlərində eniş davam edir. Ticarət sessiyası zamanı həm Brent, həm də WTI markalı neft ucuzlaşıb. Analitiklər qiymətlərin aşağı düşməsini ABŞ və İran arasında gərginliyin azalacağına dair gözləntilər və bazarda risk mükafatının zəifləməsi ilə əlaqələndirirlər.
Bakı vaxtı ilə 10:55-ə olan məlumata əsasən, Brent markalı neftin oktyabr fyuçersləri 2,34 faiz ucuzlaşaraq bir barel üçün 83,86 dollara düşüb. Beləliklə, Brent nefti iyulun 17-dən bəri ilk dəfə 84 dollar həddindən aşağı enib.
Eyni vaxtda ABŞ-ın WTI markalı xam neftinin sentyabr fyuçersləri də 2,28 faiz dəyər itirərək bir barel üçün 80,73 dollar səviyyəsində ticarət olunub.
Neft bazarında enişin səbəbi nədir?
Günün əvvəlində qiymətlər daha mülayim templə aşağı düşürdü. Bakı vaxtı ilə 09:14-də Londonun ICE birjasında Brent fyuçersləri 1,34 faiz azalaraq 87,18 dollar, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI fyuçersləri isə 1,22 faiz ucuzlaşaraq 81,60 dollar olub.
Bununla yanaşı, əvvəlki ticarət sessiyasında Brent təxminən 8,7 faiz, WTI isə 7,5 faiz dəyər itirmişdi ki, bu da son ayların ən kəskin günlük enişlərindən biri hesab olunur.
Mütəxəssislərin fikrincə, qiymətlərə əsas təsir edən amillər ABŞ və İran arasında diplomatik danışıqlara dair nikbin gözləntilər, Xəzər Boru Kəməri Konsorsiumunun terminalında neft yüklənməsinin bərpası və Yaxın Şərqdə tədarük risklərinin qismən azalmasıdır. Bununla belə, Hörmüz boğazı və Qırmızı dənizdə vəziyyət hələ də həssas olaraq qalır və bu səbəbdən bazarda yüksək dəyişkənliyin davam edəcəyi gözlənilir.





