“Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsindən məmnunuq,” – bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasiu Lula da Silva’ya göndərdiyi təbrik məktubunda yer alıb. Məktub, Braziliyanın Müstəqillik Günü münasibətilə göndərilib.
DailiNews Az-ın məlumatına görə, Prezident İlham Əliyev məktubunda Azərbaycan ilə Braziliya arasındakı əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
“Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Braziliya ilə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Mən ölkənizlə və Birləşmiş Ərəb Əmirlikləri ilə 1,5°C qlobal istiləşmənin məhdudlaşdırılması üzrə Üçtərəfli Mexanizm çərçivəsində birgə işimizi yüksək qiymətləndirirəm,” – deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev, həmçinin, Braziliyaya G20 sammitinin uğurlu təşkilini arzulayıb.