Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq sürücülərə müraciət edib.
Daylinews-az.com-nun yaydığı məlumata görə, idarə bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılacağını nəzərə alaraq sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb.
Müraciətdə bildirilir ki, xüsusilə paytaxtın cənub qapısında nəqliyyat sıxlığının qarşısını almaq və yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etmələri tövsiyə edilir.
Bayıl qəsəbəsi və 20-ci sahə sakinlərinə isə daxili yollarla Qurban Abbasov küçəsindən keçərək Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri vasitəsilə şəhər mərkəzinə getmələri məsləhət görülür.
Sürücülərə həmçinin yarış müddətində şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri və şəhər mərkəzinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri tövsiyə olunur.