Azərbaycandakı valideynlərin bir WhatsApp qrupuna Sumqayıtda məktəb ərazisində şagirdlərə “çiyələkli kvik” adlı narkotik maddənin paylanması ilə bağlı xəbərdarlıq göndərilib. Bu barədə valideynlərə diqqətli olmaları tövsiyə edilib.
Daylinews-Az xəbər verir ki, yayılan məlumatda “çiyələkli kvik”in kristal metamfetaminin konfet formasında olan bir növü olduğu və çiyələk qoxusu verdiyi bildirilir. Məlumatda həmçinin şokolad, fıstıq yağı, kola, albalı, üzüm və portağal ətirli versiyalarının da mövcud olduğu qeyd edilib.
Buna görə də valideynlərə övladlarına tanımadıqları şəxslərdən konfet və ya digər şirniyyatları qəbul etməmələri barədə xəbərdarlıq etmələri tövsiyə olunub. Lakin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov saytımıza açıqlamasında ölkədə məktəblilərə narkotik paylanması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
“Polis əməkdaşları bu məlumatı hərtərəfli araşdırıb və müəyyən ediblər ki, həmin xəbər xarici ölkələrə məxsus internet resurslarında yayımlanıb”, – deyə E.İbrahimov vurğulayıb.





