ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında uzunmüddətli telefon danışığı baş tutub. Daylinews-Az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində açıqlama verib. O, danışığı “uzun və olduqca məhsuldar” kimi qiymətləndirib.
Trampın sözlərinə görə, hər iki lider Rusiya-Ukrayna münaqişəsində insan tələfatının qarşısını almağın zəruriliyinə dair ortaq fikirdə olub. “Biz həmçinin komandalarımızın dərhal danışıqlara başlaması barədə razılığa gəldik”, – deyə ABŞ prezidenti bildirib. O, əlavə edib ki, tezliklə Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək söhbətin detalları barədə məlumat verəcək.
Liderlər arasında müzakirə olunan digər mövzular:
- Yaxın Şərqdə vəziyyət;
- Enerji təhlükəsizliyi;
- Süni intellektin inkişafı;
- Dolların qlobal təsiri.
Tramp əlavə edib ki, hər iki lider ölkələrinin tarixi barədə fikir mübadiləsi aparıb və İkinci Dünya Müharibəsi zamanı birgə mübarizənin vacibliyini vurğulayıb.
O, həmçinin Putinə amerikalı Mark Foqelin azad olunmasına görə təşəkkürünü bildirib. Tramp hesab edir ki, Foqelin geri qaytarılması iki ölkə arasında əməkdaşlığın başlanğıcı ola bilər və Ukrayna münaqişəsinə son qoymağa kömək edəcək. “Ümid edirəm ki, bu, müharibənin başa çatması istiqamətində ilk addımdır“, – deyə o qeyd edib.
Tramp Putindən sonra Zelenski ilə danışdı
Donald Tramp, Vladimir Putinlə telefon danışığından dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayıb. Bu barədə “RBK-Ukrayna” xəbər agentliyi Ukrayna Prezidentinin müşaviri Dmitri Litvinin açıqlamasına istinadən məlumat yayıb. Litvinin sözlərinə görə, danışıqlar Bakı vaxtı ilə 21:40-da başa çatıb və təxminən bir saat davam edib. Daha sonra Zelenski Tramp ilə müzakirələrinin detallarını X (Twitter) platformasında bölüşüb.
“ABŞ Prezidenti ilə əhatəli bir söhbətimiz oldu. Sülhə nail olmaq imkanları və bu istiqamətdə birlikdə işləmək üçün hansı addımları ata biləcəyimizi müzakirə etdik. Həmçinin Ukraynanın texnoloji imkanları, xüsusilə pilotsuz uçuş aparatları və digər qabaqcıl sənaye sahələrində potensialımız barədə danışdıq. Trampa bizim ortaq səylərimizin mümkün nəticələri ilə maraqlandığı üçün minnətdaram“, – deyə Zelenski bildirib.
O, həmçinin Vaşinqton administrasiyası ilə təhlükəsizlik, iqtisadi əməkdaşlıq və resurs partnyorluğu sahələrində yeni sənədin müzakirə edildiyini vurğulayıb.
“Tramp Putinlə danışığının detallarını bizimlə bölüşdü. Ukrayna qədər sülh istəyən ikinci bir ölkə yoxdur. ABŞ ilə birlikdə Rusiya təcavüzünün qarşısını almaq və davamlı sülh yaratmaq üçün atacağımız addımları müəyyənləşdiririk. Trampın dediyi kimi, bunu birlikdə edək. Biz gələcək təmasları davam etdirmək və qarşıdakı görüşləri planlaşdırmaq barədə razılığa gəldik“, – deyə Ukrayna lideri bildirib.





