11 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Gordana Silyanovska-Davkova mətbuat üçün bəyanatlarla çıxış ediblər.
İlham Əliyevin bəyanatlarından əsas məqamlar:
- Azərbaycan və Şimali Makedoniya arasında siyasi dialoq daha dinamik xarakter alır. Bunu təsdiqləyən amillərdən biri də prezidentlərin qısa müddət ərzində ikinci dəfə görüşməsidir.
- İkitərəfli siyasi əlaqələri gücləndirmək üçün əlavə tədbirlər görülməlidir və müvafiq dövlət qurumları daim sıx təmasda olmalıdırlar.
- İqtisadi və investisiya sahələrində əməkdaşlıq imkanları araşdırılmalıdır. Təəssüf ki, bu sahədə hələ ciddi nailiyyətlər əldə olunmayıb. Lakin prezidentin səfəri və nümayəndə heyətlərinin görüşləri bu boşluğu dolduracaq.
- Azərbaycan qazı bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Bu sahədə əməkdaşlıq digər istiqamətlərdə də qarşılıqlı fəaliyyətə yol aça bilər.
Gordana Silyanovska-Davkovanın bəyanatlarından əsas məqamlar:
- Azərbaycan yalnız geosiyasi mövqeyi ilə deyil, həm də təbii qaz və bərpa olunan enerji resursları ilə mühüm tərəfdaşdır.
- İkitərəfli münasibətlərin inkişafı üçün yeni addımlar atılacaq. Tezliklə əməkdaşlıq haqqında bəyannamə və ya saziş imzalanacaq.
- Azərbaycanın Şimali Makedoniyaya qaz tədarükü ilə yanaşı, iqtisadi əməkdaşlıq imkanları da genişlənəcək.
- Diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi aradan qaldırılacaq. Bu addım iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
- Təhsil və mədəniyyət sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaradılacaq.





