Azərbaycanda qarşıdakı günlərdə qeyri-sabit hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində arabir yağışlar, bəzi bölgələrdə intensiv leysanlar, dolu, sel və güclü külək gözlənilir. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyi əhaliyə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edən rəsmi müraciət yayıb.
Güclü külək zamanı nə etməli?
- Yüngül konstruksiyalı tikililərdən, müvəqqəti binalardan, reklam lövhələrindən və hündür ağaclardan uzaq durun.
- Elektrik dirəklərinin, naqillərin yaxınlığında dayanmayın.
- Yanğın təhlükəsini artırdığı üçün küləkli havada odla ehtiyatlı olun.
Sel təhlükəsi varsa:
- Sel riski olan ərazilərdən uzaq durun.
- Sel təhlükəsi hiss etdikdə, ən yaxın yüksəkliklərə qalxın.
İldırım zamanı davranış qaydaları:
- Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın.
- Açıq sahədə ildırımötürənlərdən, elektrik xətlərindən, metal borulardan və hündür ağaclardan uzaqlaşın.
- Mümkünsə, alçaq bir yerdə sığınacaq tapın.
- Avtomobildə olarkən maşını dayandırın, şüşələri qaldırın və ildırım bitənədək gözləyin.
Qar uçqunu riski
Qərb küləkləri fonunda yüksək dağlıq bölgələrdə qar uçqunu ehtimalı artır. FHN bu səbəbdən dik yamaclardan və potensial uçqun bölgələrindən uzaq durmağı tövsiyə edir.





