Formula 1-in əfsanəvi alman pilotu Mixael Şumaxerin ailəsində sevindirici hadisə baş verib. Onun böyük qızı Ginə-Mariya ilk dəfə ana olub və bu münasibətlə sosial şəbəkədə səmimi paylaşım edib.
28 yaşlı Ginə-Mariya özünün “Instagram” səhifəsində həyat yoldaşı İan Betke ilə birlikdə bir qız övladına sahib olduqlarını açıqlayıb. Onlar körpəyə Millie adını veriblər. Qürur dolu ana balaca Millienin martın 29-da dünyaya gəldiyini bildirib və sevimli ailə fotosunu da izləyiciləri ilə bölüşüb.
“Xoş gəldin, Millie. Doğulduğun gün 29 martdır. Qəlbimiz heç vaxt bu qədər sevgi ilə dolmamışdı. Sənin həyatımızda olmağın bizim üçün böyük nemətdir“, – deyə Ginə yazıb.
Şumaxerin sağlamlığı hələ də sirr olaraq qalır
2013-cü ilin dekabrında Fransanın Alplarında xizək sürərkən başından ciddi xəsarət alan Mixael Şumaxer koma vəziyyətinə düşmüş və 2014-cü ildə ayılmışdı. Lakin həmin vaxtdan etibarən onun səhhəti ilə bağlı dəqiq məlumat verilməyib. Pilot artıq 10 ildən çoxdur ki, ictimaiyyət qarşısına çıxmayıb.
2024-cü ilin oktyabrında isə mediada yayılan bəzi məlumatlara görə, Mixael Şumaxerin qızı Ginə-Mariyanın toyunda iştirak etdiyi iddia edilmişdi. Bununla belə, fotolar və rəsmi təsdiq təqdim olunmamışdı.
Şumaxer ailəsinə qarşı şantaj qalmaqalı
2024-cü ilin sonlarında Almaniyada üç nəfər məhkəmə qarşısına çıxarılmışdı. Onlar ailəyə Mixael Şumaxerin gizli foto və videoları ilə bağlı milyonlarla avro qarşılığında şantaj ediblər. Məhkəmədə təqsirləndirilən şəxslərdən biri pilotun səhhətinin “yaxşı olmadığını” iddia etmişdi. Bu bəyanat da ictimaiyyətdə rezonans doğurmuşdu.
Lakin bu kədərli fonla yanaşı, Şumaxer ailəsi üçün baba olmaq kimi əvəzolunmaz sevinc yaşanır.





