Braziliya polisi məşhur müğənni Ledi Qaqanın konsertində partlayış törətmək planlaşdırılan terror aktını vaxtında aşkar edərək qarşısını alıb. Konsertə 2 milyondan çox insan toplaşmışdı.
Təhlükə Copacabana çimərliyində
Daylinews-az.com-un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, konsert Riu-de-Janeyro şəhərinin məşhur Kopakabana çimərliyində keçirilib və tamaşaçılar üçün pulsuz olub.
Hücum planlaşdıran qrup ifşa edildi
Rio-de-Janeyro ştatının polisi və ölkənin Ədliyyə Nazirliyi birgə əməliyyat zamanı terror aktı hazırlayan qrup aşkar edib. İstintaq zamanı məlum olub ki, şübhəlilər:
- Nifrət çağırışları ediblər,
- Agressiv davranışları təşviq ediblər,
- Yeniyetmələri və digər şəxsləri hücumlar törətmək üçün cəlb ediblər.
“Şübhəlilər, o cümlədən azyaşlıları, əl istehsalı partlayıcılar və alışqan maye ilə doldurulmuş şüşələrdən istifadə etməklə hücumlar üçün verbovka ediblər”, — deyə rəsmi açıqlamada qeyd olunub.
Fanat qruplaşmasının adı altında gizləniblər
Reuters xəbər verir ki, qruplaşma konsert zamanı bomba partlatmaq niyyətində olub. Onlar özlərini Ledi Qaqanın məşhur fanat klubu olan “Little Monsters” (Kiçik Canavarlar) üzvləri kimi təqdim ediblər. Xatırladaq ki, bu adla fanatlar müğənninin 2012-ci ildə yaratdığı sosial şəbəkədə birləşirlər.
İnternetdə gizli qruplar və ekstremist fəaliyyət
İstintaq orqanları hücumun təşkili üçün şübhəlilərin internetdə “rəqəmsal hüceyrələr” yaratdığını və orada şifrəli dil və ekstremist simvollardan istifadə etdiyini aşkar ediblər.
Əsas şübhəli və istintaq tədbirləri
Qruplaşmanın lideri hesab edilən şəxs Rio-Qrandi-du-Sul ştatında qanunsuz odlu silah saxlamaqda şübhəli bilinərək həbs edilib. Hüquq-mühafizə orqanları Rio-de-Janeyro, Mato-Qrosu, Rio-Qrandi-du-Sul və San-Paulu ştatlarında ondan çox axtarış aparıb.





