31 may tarixində Parisdə keçirilən Çempionlar Liqasının final matçında “Pari Sen-Jermen”in “İnter” üzərində 5:0 hesablı tarixi qələbəsi azarkeşlərin kütləvi bayramına çevrildi. Lakin bu bayram gecəsi tezliklə iğtişaşlara və insan tələfatına səbəb oldu.
Kütləvi iğtişaşlar və faciəvi nəticələr
Fransanın Le Figaro nəşrinin məlumatına görə, matçdan sonra şəhər mərkəzində və “Park de Prens” stadionu ətrafında minlərlə insanın toplaşdığı azarkeş zonasında vəziyyət nəzarətdən çıxdı.
Polis qüvvələri iğtişaşların qarşısını almaq üçün təcili müdaxilə etdi. 500-dən çox şəxs saxlanıldı, onlardan 254 nəfəri həbs olundu.
İğtişaşlar zamanı iki nəfər həyatını itirib. Onlardan biri – 17 yaşlı gənc bıçaqlanaraq öldürülüb, digəri isə avtomobilin vurması nəticəsində ölüb. Həmçinin, 192 nəfər tibbi yardıma müraciət edib. Onların arasında 22 polis əməkdaşı və 7 yanğınsöndürən də var.
Avtomobillər yandırılıb, şəhər dağıdılıb
Şəhər üzrə 264 avtomobilin yandırıldığı, “Park de Prens” stadionunun yaxınlığında isə bir neçə maşının tamamilə məhv olduğu bildirilib. Təhlükəsizlik xidmətləri hadisənin miqyasına görə vəziyyəti “fövqəladə” adlandırıblar.
Bu, PSJ tarixində ilk Çempionlar Liqası titulu olsa da, sevincli anlar Paris üçün faciə ilə başa çatdı.





