31 may tarixində UEFA Çempionlar Liqasının finalında Paris təmsilçisi PSJ Milanın “İnter” komandasına heç bir şans vermədən 5:0 hesabı ilə qalib gəldi. Bu nəticə turnir tarixinin ən böyük final hesabı kimi tarixə düşdü və PSJ klubunun ilk dəfə Avropa çempionu olması ilə əlamətdar oldu.
Qələbənin əsas qəhrəmanları: gənclik və güc
Oyunun ilk dəqiqələrindən parislilər təşəbbüsü tam ələ aldı. Artıq 12-ci dəqiqədə Vitinyanın dahiyanə ötürməsi ilə cərimə meydançasında boş qalan Həkimi qapıya zərbə endirdi – 1:0.
8 dəqiqə sonra Düzir Düe fərqləndi. 19 yaşlı hücumçu cərimə meydançasına daxil olaraq zərbə vurdu, top Dimarkonun ayağından dönərək qapıçı Zommeri çaş-baş saldı – 2:0.
İkinci hissədə də üstünlüyü əldən verməyən PSJ, 63-cü dəqiqədə Düenin dublu ilə fərqi artırdı. Ardınca 73-cü dəqiqədə Kvica Kvaratsxeliya fərdi ustalıqla dördüncü qolu vurdu.
Qələbəyə nöqtəni isə PSJ-nin daha bir 19 yaşlı futbolçusu Sennim Məyulu qoydu – 87-ci dəqiqədə hesabı 5:0 etdi.
Əvvəlki rekord da “İnter”lə bağlı idi
Bu nəticə Çempionlar Liqasının final mərhələsində ən böyük hesabla qələbə kimi tarixə düşdü. Əvvəlki rekord 1994-cü ildə “Milan”ın “Barselona” üzərində 4:0 hesablı qələbəsinə məxsus idi.
Qeyd edək ki, PSJ daha əvvəl yalnız bir dəfə – 2020-ci ildə “Bavariya” ilə finalda oynamış, 0:1 hesabı ilə uduzmuşdu.





