ABŞ mətbuatının məlumatına görə, məşhur aktyor Maykl Madsen Kaliforniyanın Malibu şəhərində 67 yaşında vəfat edib. Səhər saatlarında təcili yardım əməkdaşları onun evinə çağırılıb və aktyor artıq huşsuz vəziyyətdə aşkarlanıb. Həkimlərin ilkin məlumatına görə, ölümə səbəb ürək tutması olub.
Tarantinonun filmlərindəki rolu ilə tanınırdı
Maykl Madsen onlarla filmdə rol alıb, lakin tamaşaçılar onu ən çox Kventin Tarantinonun ekran işlərindən tanıyırlar. O, “Qanlı itlər”, “Bill’i öldürmək 2”, “İyrənc səkkizlik” və “Bir zamanlar Hollivudda” filmlərində parlaq obrazlar yaradıb.
Son illər müstəqil kino ilə məşğul idi
Madsenin meneceri Ron Smit “The Guardian” qəzetinə açıqlamasında aktyorun son iki ildə müstəqil kino sahəsində fəal çalışdığını bildirib: “Maykl Madsen son iki il ərzində ‘Resurrection Road’, ‘Concessions’ və ‘Cookbook for Southern Housewives’ kimi yeni tammetrajlı filmlər üzərində böyük iş görmüşdü və bu yeni dövrünü səbirsizliklə gözləyirdi.”
Smit əlavə edib ki, Madsen Hollivudun ən xarakterik aktyorlarından biri idi və onun itkisi sənət dünyasında dərin iz buraxacaq.





