2025-ci il Klublararası Dünya Çempionatının finalında gözlənilməz nəticə qeydə alınıb. Turnirin əsas favoriti sayılan PSJ gözlənilmədən “Çelsi”yə 0:3 hesabı ilə uduzub, londonlular isə bu qələbə ilə tarixlərində ikinci dəfə bu titula sahib çıxıblar.
Final qarşılaşması 13 iyulda ABŞ-ın East Rutherford şəhərində, “MetLife” stadionunda baş tutdu. FİFA-nın yenilənmiş formatında keçirilən bu turnirdə finalda iki Avropa nəhəngi — PSJ və Çelsi üz-üzə gəldi.
Kim favorit idi?
Oyundan əvvəl futbol mütəxəssisləri və azarkeşlər şübhəsiz PSJ-nin qələbəsini proqnozlaşdırırdılar. Luis Enrikenin komandası turnirdə “Atletiko”, “Bavariya” və “Real Madrid”i darmadağın etmiş, finala qədər cəmi bir qol buraxmışdı. Çempionlar Liqasının finalında isə “İnter”i 5:0 məğlub etmişdilər.
“Çelsi”nin finala yolu daha az inamlı olsa da, onların da öz üstünlükləri var idi. Komandanın lideri Cole Palmer pley-off mərhələsinə pik formada çıxmış, hücuma isə “Brayton”dan 64 milyon avroya transfer olunan Joao Pedro güclü dəstək vermişdi. Pedro yarımfinalda “Fluminense”yə qarşı dublla parlamışdı.
Çelsi – PSJ 3:0
Qollar: Palmer, 22 və 30-cu dəqiqələr, Joao Pedro, 43
Oyun necə keçdi?
Adətən PSJ oyuna təzyiqlə başlayır və ilk hissədə rəqibin müqavimətini qırırdı. Lakin bu dəfə “Çelsi” Paris təmsilçisinin əsas güclü cəhətlərini — xüsusilə Dembelenin sürətini və Kvaratsxeliyanın fərdi bacarıqlarını neytrallaşdırmağı bacardı.
İngilis təmsilçisi isə əksinə, oyuna möhtəşəm başladı. 22-ci dəqiqədə Palmer Qustonun ötürməsindən sonra uzaq küncə zərbə ilə hesabı açdı. 30-cu dəqiqədə isə eyni Palmer sürətli əks-hücumda fərqlənərək dublunu rəsmiləşdirdi.
43-cü dəqiqədə isə Joao Pedro son nöqtəni qoydu. PSJ müdafiəsinin səhvindən istifadə edən braziliyalı, Palmerin dəqiq pasından sonra Donnarumma ilə təkbətək qalıb hesabı 3:0 etdi.
İkinci hissə: PSJ-nin dirənişi və Sançesin qəhrəmanlığı
İkinci hissədə PSJ daha aktiv idi, topa nəzarəti ələ aldı və bir neçə real qol epizodu yaratdı. Ancaq “Çelsi”nin qapıçısı Robert Sançes möhtəşəm oyun göstərdi. O, xüsusilə Kvaratsxeliya, Neves və Dembelenin təhlükəli zərbələrini qurtararaq, qapısını toxunulmaz saxladı.
Liam Delap da “Çelsi”nin heyətində fərqlənməyə yaxın idi, lakin bəxt onun tərəfində olmadı. Beləliklə, londonlular oyunun ikinci hissəsində müdafiədə intizamlı çıxış edərək “quru hesabla” qələbə qazandılar.
Bu nəticə ilə “Çelsi” tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi oldu. PSJ üçün isə bu, 2025-ci ildəki ilk ağır və sarsıdıcı məğlubiyyət kimi yadda qaldı.





