Elon Mask bildirib ki, onun rəhbərlik etdiyi xAI şirkəti Grok 5 süni intellekt modelini 2025-ci ilin sonuna qədər istifadəyə verəcək. Bu açıqlama OpenAI-nin GPT-5 modelini təqdim etməsindən dərhal sonra gəlib.
Mask iddia edir ki, hazırkı Grok 4 modeli artıq OpenAI-nin son versiyasını əhəmiyyətli dərəcədə qabaqlayır. O həmçinin Microsoft-un baş direktoru Satya Nadellaya müraciət edərək bildirib ki, “OpenAI Microsoft-u diri-diri yeyəcək”.
Nadella bu sözlərə cavabında texnoloji irəliləyişin məhz bu rəqabət və cəhdlər üzərində qurulduğunu deyib: “İnsanlar bunu artıq 50 ildir etməyə çalışır və məhz bu, məsələnin gözəlliyidir! Hər gün yeni bir şey öyrənirsən, yeniliklər edirsən, əməkdaşlıq və rəqabət aparırsan. Azure-da Grok 4-ü və Grok 5-i səbirsizliklə gözləyirəm”, – deyə o cavab verib.
Elə həmin gün Nadella GPT-5-in Microsoft-un məhsullarına — Microsoft 365 Copilot, GitHub Copilot, Azure AI Foundry və digər platformalara — inteqrasiyasını elan edib. Onun sözlərinə görə, bu, OpenAI-nin indiyədək hazırladığı ən güclü modeldir və məntiq, kodlaşdırma və dialoq sahələrində yeni nailiyyətlərə imza atır. Model Azure infrastrukturunda təlim keçib.
Mask isə öz növbəsində istifadəçilərin Grok 4 modelinə üstünlük verdiyini bildirən rəylərlə paylaşım edib.





