23 avqust şənbə günü səmada nadir astronomik hadisə – “qara ay” müşahidə olunacaq. Bu hadisə bir təqvim ayı ərzində ikinci dəfə yeni ay fazasının baş verməsi ilə əlaqədardır. Daily Mail yazır ki, “qara ay” bəzilərində müqəddəs kitablarla bağlı qorxular doğursa da, alimlər bunun sadəcə təbii astronomik proses olduğunu vurğulayırlar.
Yeni ay zamanı Ay Yer və Günəş arasında yerləşir. Buna görə də Yerə tərəf olan səthi qaranlıqda qalır və adi gözlə görünmür.
Siraquz Universitetinin fizika fakültəsinin dosenti Uolter Frimen izah edib: “Qara ay əslində sadəcə bir təqvim ayı ərzində ikinci dəfə yeni ayın baş verməsidir. Elmi baxımdan bu, digər yeni aylardan heç nə ilə fərqlənmir.”
NASA nümayəndəsi isə bildirib ki, bu termin rəsmi elmi ad deyil, sadəcə astronomlar arasında işlədilən qeyri-rəsmi ifadədir. Hadisə təxminən hər 33 aydan bir baş verir. Növbəti “qara ay” 2027-ci ilin avqustunda gözlənilir.
Hadisə vizual baxımdan möhtəşəm görünməsə də, Ay işığının olmaması ulduz müşahidələri üçün ideal şərait yaradır. Orion, Buğa və Şir bürcləri daha aydın görünəcək. Frimen əlavə edib: “Bu, həvəskar astronomlar üçün unikal fürsətdir – səmada adətən Ay işığının altında itən ulduzları və planetləri görmək mümkün olacaq.”





