EvCəmiyyətAlimlər: Kofein donor qanının saxlanma keyfiyyətini aşağı salır

Alimlər: Kofein donor qanının saxlanma keyfiyyətini aşağı salır

Kolorado Universiteti Anschutz Tibb Kampusunun alimləri aşkar ediblər ki, qanvermədən qabaq qəhvə və ya digər kofeinli içkilər qəbul etmək donor qanının saxlanma müddətində keyfiyyətini pisləşdirərək qan köçürmələrinin effektivliyini azalda bilər.

Bu araşdırma nəticələri “Haematologica” jurnalının erkən buraxılışında dərc olunub. Tədqiqatçılar qənaətlərini 13 mindən çox donorun qan nümunələrinin təhlili əsasında çıxarıblar, həmçinin hemoliz meyilli donorlardan 643 nəfəri yenidən çağıraraq kofein səviyyələrinin təkrarlanmasını yoxlayıblar. Nəticədə məlum olub ki, qanda yüksək kofein konsentrasiyası eritrositlərin saxlanma prosesində daha sürətli zədələnməsinə yol açır.

Eritrositlər qanın əsas hüceyrələri olub, onun həcminin 40-45 faizini təşkil edir. Kofein qəbulu nəticəsində bu hüceyrələr köçürmə zamanı orqanizmdə daha zəif inteqrasiya olunur, xəstələrdə hemoglobin səviyyəsinin az artmasına səbəb olur. Bundan əlavə, recipientlərdə eritrositlərin tez dağılması (hemoliz) əlamətləri qeydə alınır, bu da glikoliz prosesini azaldır, adenilat ehtiyatlarını tükəndirir və oksidləşdirici stressi artırır.

Xüsusilə güclü mənfi təsir ADORA2b geninin yaygın variantları olan donor və xəstələrdə müşahidə olunur. Bu gen oksigen çatışmazlığı şəraitində eritrosit fəaliyyətini tənzimləyir və kofein onun siqnalizasiyasını və qlükoza-6-fosfat dehidrogenaz (G6PD) aktivliyini ikili şəkildə inhibə edir. Müəlliflər hesab edirlər ki, bu kəşf qan köçürmələrində qan qrupu ilə yanaşı, həyat tərzi və genetik xüsusiyyətlərin də nəzərə alındığı fərdi yanaşmaya imkan verəcək. Tədqiqat həmçinin siçan modellərində təsdiqlənib, burada kofein ADORA2b çatışmazlığı ilə birlikdə transfüziya effektivliyini daha da aşağı salır.

Alimlər vurğulayırlar ki, bir çox insan müntəzəm kofein qəbul etdiyindən, bu maddə idarə edilə bilən risk faktorudur. Onun qısa yarımparçalanma müddəti nəzərə alınaraq, qanvermə günlərində kofein qəbulunu müvəqqəti olaraq məhdudlaşdırmaq kifayət edir. Avropanın bəzi ölkələrində donorlar üçün oxşar tövsiyələr artıq tətbiq olunur, bu da transfüziya təbabətində dəqiq strategiyalara yol açır.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər