Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa regionu üzrə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasına həsr olunmuş toplantı çərçivəsində Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) təqdim edilib. Bu təşəbbüs COP29 sədrliyinin təşəbbüsü ilə həyata keçirilib.
Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyi (KazAID), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT İnkişaf Proqramı (UNDP), BMT Ətraf Mühit Proqramı (UNEP) və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kimi beynəlxalq təşkilatlar da tərəfdaşlıq edib. Toplantıya regiondakı BTR-ların hazırlanmasına cavabdeh olan 50-dən çox ekspert qatılıb.
Tədbirin açılış mərasimində çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanın COP29 sədrliyi dövründə həyata keçirilən qlobal təşəbbüslər, o cümlədən Bakı Qlobal İqlim Şəffaflığı Platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, BTP-nin əsas məqsədi, ölkələr arasında qarşılıqlı inam və əməkdaşlığı təşviq etməkdir. Bundan başqa, inkişaf etməkdə olan ölkələrə BTR-ların hazırlanmasında dəstək göstərmək və Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) qlobal iştirakı təmin etmək də vacib hədəflərdən biridir.
Nazir müavini qeyd edib ki, bu platforma hökumətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri arasında iqlim şəffaflığı sahəsində əməkdaşlıq üçün mühüm bir məkan olacaq.
Tədbirdə çıxış edən Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər naziri Yerlan Nyssanbayev və Prezident müşaviri Zülfiyyə Süleymanova, həmçinin UNFCCC və digər beynəlxalq qurumların nümayəndələri Azərbaycanın iqlim şəffaflığı sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib və COP29 sədrliyinə dəstəklərini ifadə ediblər.
Çıxış edənlər, həmçinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasının iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyini və müxtəlif ölkələrin BTR-ların hazırlanmasında əldə etdiyi təcrübələri paylaşmaq üçün mühüm platforma rolunu oynayacağını bildiriblər.
Qeyd edək ki, Bakı Qlobal İqlim Şəffaflığı Platforması 3 sentyabrda Bakıda keçirilən Yüksək Səviyyəli Dialoq çərçivəsində yaradılıb. 9-11 sentyabr tarixlərində Toqo və Keniyada Afrika regionu ölkələri üçün BTR-ların hazırlanmasına dair keçirilən tədbirlərdə də platformanın təqdimatı olub. Bu təşəbbüsün qlobal təşviqi ilə bağlı növbəti yüksək səviyyəli tədbir 25 sentyabrda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək.