Dekabrın 25-də baş vermiş AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanları istintaq çərçivəsində sənədlərin müsadirəsinə başlayır. Daylinews-Az xəbər verir ki, bu barədə məlumat RİA Novosti-yə istintaq sənədlərinə istinadən verilib.
Moskvanın Basman məhkəməsi hüquq-mühafizə orqanlarının Rusiyanın cənubundakı iki ünvanda sənədlərin müsadirəsi ilə bağlı müraciətini təmin edib. Qeyd olunur ki, istintaqın bu tələbi yanvar ayında irəli sürülüb və prokuror tərəfindən dəstəklənib. Məhkəmə müraciəti əsaslı hesab edərək icazə qərarı verib.
Qəzanın təfərrüatları
2024-cü il dekabrın 25-də baş vermiş dəhşətli aviaqəza nəticəsində “Azerbaijan Airlines” (AZAL) şirkətinə məxsus təyyarə qəzaya uğramışdı. Təyyarədə olan 67 sərnişindən 38-i həlak olmuşdu. İlkin məlumatlara görə, qəzanın səbəbi fiziki və texniki xarakterli xarici təsir olub.
Qazaxıstanın ilkin hesabatı və yekun araşdırmalar
Qazaxıstan Nəqliyyat Nazirliyi faciədən 41 gün sonra – 2025-ci il fevralın 4-də qəza ilə bağlı ilkin hesabat yayımlayıb. Nazir müavini Talğat Lastaevin sözlərinə görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq yekun hesabatın hazırlanması üçün bir il vaxt ayrılıb. Hazırda sənədin 2025-ci ilin dekabrına qədər yekunlaşdırılması planlaşdırılır.





