Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı müzakirələr fonunda ali təhsil sistemində yeni yanaşmalar təklif olunur. Dil sahəsində fəaliyyət göstərən mütəxəssislər hesab edirlər ki, dövlət dilinin mövqeyinin daha da gücləndirilməsi üçün universitetlərdə Azərbaycan dili və ədəbiyyatının statusu artırılmalı, hətta gələcəkdə bu istiqamətdə ayrıca ali təhsil müəssisəsinin yaradılması imkanları nəzərdən keçirilməlidir.
Son illərdə dövlət səviyyəsində Azərbaycan dilinin saflığının qorunması, onun ictimai və elmi mühitdə daha geniş tətbiqi ilə bağlı çağırışlar səsləndirilib. Bu baxımdan ali təhsil müəssisələrində mövcud tədris modelinin təkmilləşdirilməsi məsələsi yenidən gündəmə gəlib.
Azərbaycan dili fakültələrinin yaradılması təklif olunur
Dilçi alim, akademik Nizami Cəfərovun fikrincə, hazırda ölkə universitetlərində Azərbaycan dili və ədəbiyyatı ayrıca fakültə kimi fəaliyyət göstərməsə də, filologiya fakültələrinin əsas istiqamətlərindən biri hesab olunur.
Onun sözlərinə görə, filologiya fakültələrində Azərbaycan dili və ədəbiyyatı aparıcı mövqedə olsa da, bu sahənin ayrıca fakültə statusu qazanması həm elmi, həm də ictimai baxımdan əhəmiyyətli addım ola bilər. Akademik xüsusilə Bakı Dövlət Universitetində belə bir fakültənin yaradılmasının mümkün olduğunu bildirib.
Ayrı universitet ideyası da gündəmdədir
Mütəxəssis hesab edir ki, məsələ yalnız yeni fakültələrin açılması ilə məhdudlaşmamalıdır. Onun fikrincə, gələcəkdə Azərbaycan dili üzrə ixtisaslaşmış universitetin yaradılması da nəzərdən keçirilə bilər.
Nizami Cəfərov qeyd edib ki, bəzi türk dövlətlərində bu istiqamətdə uğurlu təcrübələr mövcuddur. Belə bir ali məktəbdə Azərbaycan dili yalnız filoloji baxımdan deyil, həm də ideoloji, sosial və dövlətçilik aspektlərindən öyrənilə bilər. Bu yanaşma dilin inkişafına, elmi araşdırmaların genişlənməsinə və yeni mütəxəssislərin hazırlanmasına əlavə imkanlar yaradacaq.
Mövzu ilə bağlı müzakirələrin yaxın dövrdə elm və təhsil ictimaiyyətində daha geniş şəkildə davam etdirilməsi gözlənilir.





