Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilk dəfə Belarusun Moqilyov şəhərində keçirilən [email protected] adlı Beynəlxalq Gənclər Teatr Forumunda iştirak edib. 20–27 mart tarixlərini əhatə edən bu nüfuzlu tədbirdə teatrın iştirakı həm Azərbaycan, həm də Belarus teatr ictimaiyyəti üçün əlamətdar hadisə olub.
Daylinews-az xəbər verir ki, tamaşaçılara xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi “Kresloda oturan kişiyə eşq etirafı” adlı tamaşa təqdim olunub. Əsərin əsas rolunu Azərbaycanın xalq artisti Natalya Şarovskaya ifa edib. Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Moqilyov Vilayət Dram Teatrının direktor əvəzi Veronika Yurqelas azərbaycanlı sənətçiləri səmimi şəkildə salamlayaraq, 18 illik forum tarixində ilk dəfə Azərbaycanın bu tədbirdə təmsil olunmasını yüksək qiymətləndirib və səhnə işini peşəkar səviyyədə dəyərləndirib.
Azərbaycanın xalq artisti Aleksandr Şarovski forumun mədəni körpülərin qurulmasında, teatr sənətinin inkişafında və xalqlar arasında dostluğun gücləndirilməsində böyük rolu olduğunu qeyd edib. O, bu kimi yaradıcılıq platformalarının sülh, anlayış və sevgi mesajlarını yaymaq üçün mühüm vasitə olduğunu bildirib.
Teatrın direktor müavini, əməkdar mədəniyyət işçisi İlham Məmmədov isə genişmiqyaslı festivalın təşkilatçılarına təşəkkür edib, xüsusilə Moqilyov Vilayət İcra Hakimiyyətinin mədəniyyət idarəsinin rəhbəri Aleksandr Jiqunun rolunu vurğulayıb və Azərbaycan Mədəniyyət Nazirliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Yubiley münasibətilə səhnələşdirilən “Kresloda oturan kişiyə eşq etirafı” adlı tamaşa qadın və kişi münasibətlərinin mürəkkəb psixologiyasına dərindən toxunur. Bu monoloq – bir qadının uzun illər gizlətdiyi hisslərin, keçmiş gəncliyə, itirilmiş sevgiyə və unudulmuş duyğulara ünvanladığı səmimi etirafdır. Tamaşa ailə həyatının 25 illik sükutunda toplanan emosional yükün bir anda alova çevrilməsini poetik dillə səhnəyə gətirir.





