Bu gündən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) başlayır.
Daylinews-az.com xəbər verir ki, COP29-un keçirilməsi ilə əlaqədar Bakıda nəqliyyat sektorunda bəzi dəyişikliklər tətbiq olunub.
COP29 günlərində Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulmayacaq. Lakin bölgələrdən gələn nəqliyyat vasitələri aşağıdakı istiqamətlərdə yönləndiriləcək:
- Bakı-Salyan yolu: Şəhərə daxil olan nəqliyyat vasitələri Bakı kənar dairəvi yolu vasitəsilə Lökbatan dairəsində təşkil olunan nəzarət postundan Badamdar istiqamətinə yönləndiriləcək.
- Şamaxı-İsmayıllı istiqaməti: Bu yoldan gələn nəqliyyat vasitələri Müşfiqabad-Xocəsən yolundakı nəzarət postlarında qismən məhdudlaşdırılacaq və “Şamaxinka” ərazisindən Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq.
- Quba-Sumqayıt istiqaməti: Burada nəqliyyat vasitələri Sumqayıt şəhəri girişindəki yanacaqdoldurma məntəqəsinin yanında qurulan postda müvəqqəti olaraq saxlanılacaq və fasilələrlə buraxılacaq.
- Sumqayıt-Novxanı istiqaməti: Bu yoldan gələn nəqliyyat vasitələri Binəqədi-Baksol yolundakı postdan fasilələrlə hərəkət edə biləcək.
- Yasamal və “Şamaxinka” istiqaməti: Bu ərazilərə daxil olmaq istəyən nəqliyyat vasitələri postlardan fasilələrlə buraxılacaq.
Tədbir dövründə Bakının əsas nəqliyyat axını Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək.
Qeyd edək ki, COP29 Liderləri Sammiti ilə əlaqədar olaraq 11, 12 və 13 noyabr tarixlərində Bakının bəzi küçə və prospektlərində məhdudiyyətlər tətbiq olunacaq. COP29 tədbiri isə noyabrın 11-dən 22-dək davam edəcək.