Azərbaycan Prezidenti İlham Əliyev Lissabonda keçirilən əsas mərhələ matçında “Benfika”ya qalib gələn Ağdamın “Qarabağ” klubunu təbrik edib.
Dövlət başçısının rəsmi sosial media hesablarında yayılan təbrikdə deyilir:
“Bütün qəlbimlə Ağdamın ‘Qarabağ’ futbol klubunu Çempionlar Liqasının əsas mərhələsində – qitənin ən nüfuzlu klub turnirində qazandığı ilk qələbə münasibətilə təbrik edirəm. Bu, Azərbaycan futbolu və idmanı üçün tarixi zəfərdir.
‘Benfika’ kimi Avropanın ən qədim klublarından biri ilə oyunda geridönüş edərək qazanılmış parlaq qələbə komandamızın yenilməz ruhunu və mübarizə əzmini nümayiş etdirir.
Bu zəfərlə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etdi. Hər bir azərbaycanlı möcüzələr yaradan ‘Qarabağ’la fəxr edir. Komandamıza uğurlar və növbəti qələbələr arzulayıram.”
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edərək Azərbaycan futbol tarixində yeni səhifə açdı.





