Magistraturaya qəbul imtahanının son mərhələsi abituriyentlər və təhsil ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub. Narazılıqlar əsasən həm imtahanın müddəti, həm də sualların çətinlik səviyyəsi ilə bağlıdır. Xüsusilə bakalavrlar 100 sualın cəmi 3 saat ərzində cavablandırılmasının çətin olduğunu bildirirlər.
Mövcud qaydalara əsasən, namizədlər məntiq, informatika və xarici dil üzrə sualları eyni vaxt ərzində həll etməlidirlər. Lakin xüsusilə məntiq bölməsindəki 50 sualın ciddi analiz və hesablamalar tələb etməsi digər bölmələrə ayrılan vaxtı azaldır.
Humanitar ixtisaslar üçün fərqli model təklif edilir
Təhsil sahəsi üzrə mütəxəssis Ramin Nurəliyev hesab edir ki, magistraturaya qəbul imtahanının həm formatı, həm də müddəti yenidən nəzərdən keçirilməlidir.
Onun sözlərinə görə, hazırkı sistem bir çox bakalavrın imtahandan çəkinməsinə səbəb olur:
“Bu gün tələbələr məntiq, informatika və xarici dil fənləri üzrə imtahan verirlər. Xüsusilə humanitar ixtisas məzunları yüksək nəticə əldə etməkdə çətinlik çəkirlər. Mövcud model onların potensialını tam şəkildə üzə çıxarmağa imkan vermir”.
Nurəliyev qeyd edib ki, texniki və humanitar sahələr üzrə təhsil alan tələbələrin hazırlıq səviyyələri fərqli olduğundan imtahan sualları da ixtisasa uyğunlaşdırılmalıdır.
İxtisasa uyğun qiymətləndirmə təklifi
Mütəxəssis hesab edir ki, qəbul sistemi tələbələrin təhsil aldıqları istiqaməti daha çox nəzərə almalıdır. O, tarix fakültəsini bitirən namizəd üçün tarix üzrə sualların da imtahanda yer almasının daha məqsədəuyğun olduğunu bildirib.
“Əgər bütün tələbələrin riyazi hazırlığı eyni olsaydı, humanitar və texniki ixtisaslar arasında bu qədər fərq olmazdı. Məsələn, tarix ixtisası üzrə məzun üçün 30 tarix, 30 məntiq, 20 informatika və 20 xarici dil sualından ibarət model daha ədalətli qiymətləndirmə imkanı yarada bilər”, – deyə o vurğulayıb.
Ramin Nurəliyev əlavə edib ki, imtahan müddətinin artırılması məsələsi də yeni formatla paralel şəkildə nəzərdən keçirilməlidir. Onun fikrincə, bu dəyişikliklər tələbələrin bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə kömək edə bilər.





