Milyonlarla dövriyyəsi olan qumar şəbəkəsi ifşa olundu: həbs olunanlar var – Video
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internet üzərində milyonlarla dövriyyəsi olan qanunsuz qumar şəbəkəsini ifşa edib.
“Qafqazinfo” xəbər verir ki, DİN-in Mətbuat xidmətinin məlumatına əsasən, Baş İdarənin əməkdaşları sosial şəbəkələrdə, xüsusən də Azərbaycan seqmentində geniş yayılmış onlayn qumar oyunları təşkil edən cinayətkar dəstəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
Baş İdarə əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, instaqram sosial şəbəkəsində anonim adlar altında fəaliyyət göstərən səhifələr Azərbaycan vətəndaşlarını qanunsuz onlayn qumar oyunlarına cəlb edir. Araşdırmalarda bu fəaliyyətin təşkilatlanmış cinayətkar qrup tərəfindən həyata keçirildiyi müəyyən olunub. Qanunsuz fəaliyyətlə məşğul olan qrup üzvlərinə qarşı 3 ay davam edən əməliyyat-texniki tədbirlər nəticəsində onların əməlləri sübut olunub.
Məlum olub ki, bu qrupa başçılıq edənlərdən biri 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadədir. O, 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov ilə birgə fəaliyyət göstərərək, 30-dan çox şəxsi qanunsuz onlayn qumar oyunlarının təşkilinə cəlb edib. Bu dəstə müxtəlif ölkələrin, o cümlədən Rusiya, Ukrayna və Türkiyənin mobil nömrələrindən istifadə edərək sosial şəbəkələrdə anonim səhifələr açıb. Həmin səhifələr vasitəsilə vətəndaşları müxtəlif şirnikləndirici vədlərlə qanunsuz qumar oyunlarına cəlb ediblər.
Qeyd edilib ki, “Fast Loto” və “CHCPlay” kimi qeyri-leqal saytlarda bu qrupun üzvləri əsas admin statusuna malik olublar. Şəbəkə üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi yaradaraq, müxtəlif mobil qruplar şəklində fəaliyyət göstəriblər. Onlar Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun birbaşa göstərişləri əsasında kirayə götürdükləri mənzillərdə bu qanunsuz işləri idarə ediblər.
Əməliyyat zamanı aşkarlanan 1 157 bank kartı bu cinayət fəaliyyətində istifadə olunub. Həmin kartlar müxtəlif şəxslərdən alınaraq qumar şəbəkəsinin maliyyə dövriyyəsində istifadə olunub. Kartlarını təqdim edən şəxslər isə bu cinayətkar niyyətlərdən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında aparılan əməliyyat zamanı dəstə üzvlərinin istifadə etdiyi gizli ofislərə, mənzillərə və saxlanc yerlərinə baxış keçirilib. Baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrin mobil nömrələri və təxminən 2 milyon manat məbləğində nağd pul götürülüb.
Araşdırmalara əsasən, cinayətkar qrupun üçüncü şəxslərin adlarına açılmış bank hesablarına 20 milyondan artıq vəsait mədaxil olduğu müəyyən edilib. Onlar bu pulları çirkli pulların yuyulması sxemləri vasitəsilə leqallaşdırmağa cəhd ediblər. Qrup üzvləri qanunsuz yolla əldə etdikləri pulları kriptovalyutaya çevirərək xarici ölkələrə göndərib. Bu fəaliyyətin başında duran şəxslərdən biri 1988-ci il təvəllüdlü Rövşən Məmmədovdur. O, saxlanılıb və onun ofisinə baxış zamanı maddi sübutlar aşkar edilərək götürülüb.
Dəstə üzvləri 3 milyon 375 min manat məbləğində vəsaiti kriptovalyuta şəklində xarici ölkələrə göndəriblər. Araşdırmalar zamanı onların qanunsuz yollarla əldə etdikləri pullarla ümumi dəyəri 10 milyon manata yaxın olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər aldığı aşkar edilib. “Mercedes G-Class”, “Lexus” və “Range Rover” markalı avtomobillər məhkəmə qərarı ilə müsadirə edilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet üzərindən qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi açılıb. Dəstənin başçılıq edən 9 üzvü həbs edilib. Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin Azərbaycana gətirilməsi üçün hüquqi prosedurlar başladılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.