Qərbi Avropa son illərin ən güclü istilik dalğalarından biri ilə üz-üzə qalıb. Portuqaliyanın Mora şəhərində havanın temperaturu 40,3 dərəcəyə yüksələrək ölkədə may ayı üçün bütün zamanların rekordunu yeniləyib.
Əvvəlki rekord 2001-ci ilin may ayında qeydə alınmış 40 dərəcə idi. Meteoroloqlar bildirirlər ki, bu dəfəki anomal istilərin əsas səbəbi region üzərində formalaşan və isti havanı aşağı qatlarda saxlayan “istilik qübbəsi” fenomenidir.
İstilik Avropada gündəlik həyatı çətinləşdirib
Mütəxəssislərin hesablamalarına görə, Avropa son 30 ildə hər onillikdə orta hesabla 0,56 dərəcə istiləşib. Bu tendensiya ekstremal hava hadisələrinin daha tez-tez və daha güclü şəkildə baş verməsinə səbəb olur.
Fransada da vəziyyət gərgin olaraq qalır. Parisdə temperatur 33 dərəcəyə çatıb, həftəsonu isə 34 dərəcəyə yüksələcəyi gözlənilir. Hökumət meşə yanğınları və su ehtiyatları ilə bağlı fövqəladə tədbirlər planı hazırlayır.
Ölkənin cənub-qərbində yerləşən məktəblərdən birində sinif otaqlarında temperaturun 53 dərəcəyə yüksəlməsi səbəbindən tədris müvəqqəti dayandırılıb. Rəsmi məlumatlara görə, Fransadakı orta məktəblərin təxminən 78 faizində bu həftə siniflərdə temperatur 30 dərəcəni keçib.
İtaliya və İspaniyada da xəbərdarlıq edildi
İtaliyada Roma, Florensiya, Bolonya, Breşiya və Turin şəhərlərində ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub. Yerli hakimiyyət orqanları istilərin yalnız yaşlılar üçün deyil, gənc və sağlam insanlar üçün də risk yaratdığını bildirir.
İspaniyada isə yaxın günlərdə temperaturun 35 dərəcəyə çatacağı gözlənilir. Sinoptiklər qeyd edirlər ki, bu cür göstəricilər adətən iyul və ya avqust aylarında müşahidə olunur.
Anomal istilər idmana da təsirsiz ötüşməyib. Parisdə keçirilən “Rolan Qarros” turnirində dünyanın bir nömrəli tennisçisi Yannik Sinner özünü pis hiss etdikdən sonra yarışla erkən vidalaşıb.
Meteoroloqlar yaxın günlərdə Almaniya və İsveçrənin də isti hava dalğasının təsiri altına düşəcəyini proqnozlaşdırırlar.





