Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi səfərlə Ankaraya çatıb. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar bir neçə saat davam edəcək və yekun qərarlar bu görüşdən sonra açıqlanacaq.
“Ukrayna nümayəndə heyəti yüksək səviyyədə təmsil olunur”
Zelenski bildirib ki, Ukrayna tərəfi İstanbul danışıqları üçün bütün səviyyələrdə – o cümlədən yüksək rəsmi şəxslərlə təmsil olunur.
Eyni zamanda, o, Rusiya tərəfini tənqid edərək, Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinskiyə işarə edərək belə deyib: “Onların nümayəndə heyətinin səviyyəsi dekorativdir. Gözləyək görək, onlar qərar qəbul etmək mandatına malikdirlərmi.”
Qərar Ərdoğanla görüşdən sonra
Ukrayna lideri həmçinin təsdiqləyib ki, ölkəsinin danışıqlarda iştirak edib-etməyəcəyi barədə qərarı Ərdoğanla görüş başa çatdıqdan sonra açıqlayacaq. Bu görüşün Bakı vaxtı ilə saat 14:00-da baş tutması planlaşdırılıb.
Xatırladaq ki, bir qədər əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda iştirak etməyəcəyini açıqlamışdı.





