Amerikalı komediyaçı Cimmi Kimmel-in ABC kanalındakı verilişi, onun çıxışı ətrafında yaranan qalmaqaldan sonra müvəqqəti dayandırılmışdı. Səbəb – Kimmelin Yutah universitetində tələbələrlə debat zamanı qətlə yetirilən mühafizəkar aktivist Çarli Kirk barədə dedikləri idi. İndi isə Disney şirkəti proqramın efirə qaytarıldığını açıqlayıb.
Kimmel ötən həftəki monoloqunda “MAGA tərəfdarlarının Kirk-in qatili haqqında həqiqəti gizlətməyə və bundan siyasi xal qazanmağa çalışdıqlarını” söyləmiş, həmçinin Donald Trampın ölkə üzrə bayraqların endirilməsi qərarını istehza ilə tənqid etmişdi. Onun sözləri FCC rəhbəri tərəfindən “iyrənc” adlandırılmış, mühafizəkarlar isə faktların təhrif edildiyini bildirmişdilər.
Şou dayandırıldıqdan sonra ABŞ-ın bir çox məşhur aparıcıları Kimmeli müdafiə edərək bunu senzura və söz azadlığına zərbə adlandırdılar. New York və Kaliforniyada Disney və ABC ofisləri qarşısında, eləcə də Hollivudda şounun çəkildiyi teatr önündə etiraz aksiyaları keçirildi. Bundan başqa, Selen Qomes, Oliviya Rodriqo, Cennifer Eniston kimi 400-dən çox məşhur açıq məktub imzalayaraq Kimmeli dəstəklədi.
Disney isə bəyanatında bildirib: “Ötən həftə emosional gərginlik fonunda vəziyyətin daha da alovlanmaması üçün istehsalı dayandırmaq qərarı vermişdik. Cimmi ilə aparılan səmimi müzakirələrdən sonra şounun çərşənbə axşamı yenidən efirə qayıtmasına qərar verdik.”





