EvİqtisadiyyatVarşavada Azərbaycan-Polşa biznes forumu və Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib

Varşavada Azərbaycan-Polşa biznes forumu və Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib

23 oktyabr 2025-ci il tarixində Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq sahəsində Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirildi. İclas çərçivəsində həmçinin Azərbaycan-Polşa biznes forumu təşkil olundu.

Tədbirdə iştirak üçün Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşaya səfər etmişdir. Forumun açılış mərasimində K.Heydərov ilə yanaşı, Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski də çıxış etmişdir.

Kəmaləddin Heydərov çıxışında iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının iqtisadi sahədə əməkdaşlığın möhkəmlənməsi üçün münbit zəmin yaratdığını qeyd edib. O, sənayenin müxtəlif sahələrində, həmçinin nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti və enerji sektorlarında birgə layihələrin önəmini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti Polşa şirkətlərinin ölkəmizə investisiya qoyuluşunu genişləndirmək üçün böyük imkanlar təqdim edir. O, forumun iqtisadi əlaqələrin davamlı genişlənməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib.

Mixal Baranovski çıxışında Azərbaycan və Polşa arasında əlaqələrin hər zamankindən daha dinamik inkişaf etdiyini, icra olunan hədəfli layihələrin əməkdaşlığın genişlənməsinə xidmət etdiyini bildirmişdir. O, forumun əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir yaradacağına əminliyini vurğulayıb.

Forum Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi AZPROMO, Azərbaycan-Polşa Mərkəzi Avropa üzrə Ticarət Nümayəndəliyi və Polşa İnvestisiya və Ticarət Agentliyi (PAIH) tərəfindən birgə təşkil olunmuşdur. Tədbirdə hər iki ölkədən 130-dan çox iş adamı iştirak edirdi.

Hökumətlərarası Komissiyanın 9-cu iclasında Kəmaləddin Heydərov Polşa tərəfinə qonaqpərvərliyi üçün təşəkkür edərkən, iki ölkə arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin uzaq perspektivə əsaslanmasını qeyd edib. O, ölkə rəhbərlərinin uğurlu görüşləri və güclü qarşılıqlı etimadın strateji tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. K.Heydərov iclasın iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə, yeni layihə və təşəbbüslər vasitəsilə regional əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Komissiyanın əvvəlki iclaslarında qəbul edilmiş sənədlərin icrası nəticəsində Azərbaycan-Polşa münasibətlərində müsbət irəliləyişlər əldə olunub. Xüsusilə sənaye və kənd təsərrüfatı sahələrində, enerji sektorunda, logistika və digər əlaqələrdə konkret nəticələr əldə edilib.

İclasın sonunda iki mühüm sənəd imzalanıb: Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Protokolu Kəmaləddin Heydərov və Mixal Baranovski imzalayıblar. Memorandumu isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer təsdiqləmişdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər