Asiya İnkişaf Bankı (ADB), Xəzər dənizi vasitəsilə yaşıl enerji dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə texniki dəstək verəcək. Bu məqsədlə bank Texniki Yardım Xüsusi Fondundan 225 min ABŞ dolları vəsait ayırıb.
Daylinews-az ADB-yə istinadən xəbər verir ki, layihə çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin sualtı kabel vasitəsilə birləşdirilməsi planlaşdırılır. Bu kabelin çəkilməsi regional enerji əməkdaşlığını gücləndirəcək və davamlı transsərhəd elektrik enerjisi ticarətinə yol açacaq.
Bu layihənin reallaşdırılması ilə bağlı Anlaşma Memorandumu 2024-cü ilin 2 may tarixində üç ölkənin hökumətləri arasında imzalanıb. Layihə bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və davamlı enerji mənbələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Həmçinin, layihə çərçivəsində bərpa olunan enerjinin Xəzər regionundan Avropaya, Qara dəniz vasitəsilə ötürülməsi üçün yaşıl enerji dəhlizinin yaradılması nəzərdə tutulur.
Layihənin araşdırılması və texniki hazırlığı üçün təqdim olunan bu dəstək, tələb olunan böyük sərmayələrin əsasını təşkil edəcək. ADB layihənin müxtəlif mərhələlərində texniki yardım göstərərək, hökumətlərarası işçi qruplarının yaradılması, hüquqi və kommersiya çərçivələrinin formalaşdırılması, şəffaf idarəetmə strukturlarının qurulması kimi işlərdə dəstək verəcək. Bundan əlavə, layihənin əməliyyat planının hazırlanması və texniki-iqtisadi əsaslandırmalar üçün ölkələrin mütəxəssislərinin potensialının artırılması istiqamətində işlər aparılacaq.
Layihənin həyata keçirilməsi təkcə regional enerji əməkdaşlığını artırmaqla kifayətlənməyəcək, eyni zamanda Paris Sazişinin məqsədlərini dəstəkləyərək istixana qazı tullantılarının azaldılmasına və yaşıl enerji infrastrukturunun inkişafına töhfə verəcək.