Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada diqqət mərkəzinə düşüb. II Bundesliqa təmsilçisi “Kayzerslautern” klubunun oyunçusu sosial şəbəkədə atdığı addımla klub daxilində narazılıq yaradıb.
“Bild” nəşrinin məlumatına görə, 28 yaşlı futbolçu keçmiş komanda yoldaşı Robin Knoşun “Kayzerslautern”ə vurduğu qolu paylaşan yazını öz sosial şəbəkə hesabında “bəyənib”. Maraqlıdır ki, həmin qol “Nürnberq”in kapitanı tərəfindən final fitinə az qalmış vurulub və bu zərbə “Kayzerslautern”i qələbədən məhrum edib.
Bu “layk” klub rəhbərliyində və azarkeşlər arasında böyük narazılıq yaradıb. Almaniya mediası yazır ki, görünür, Mahir Emreli hazırkı klubundakı vəziyyətdən narazıdır və bu, onun davranışında da özünü göstərir.
“Kayzerslautern”də vəziyyəti yaxşı deyil
“Bild” qəzetinin yazdığına görə, Emrelinin “Kayzerslautern”də karyerası hələ ki, uğurlu alınmayıb. O, komandada cəmi üç oyun keçirib və sonuncu dəfə avqust ayında meydana çıxıb. Klubun rəsmi açıqlamasına əsasən, futbolçu qrip infeksiyası səbəbindən son oyunlarda iştirak etməyib.
Milli komandaların oyunları zamanı yaranan fasilədə Emreli sosial mediada komandasının heyətinə düşmədiyindən narazılığını ifadə edib. Bundan sonra baş məşqçi Torsten Liberknecht ilə futbolçu arasında vəziyyətin normallaşdırılması üçün söhbət aparıldığı bildirilib. Lakin futbolçunun son paylaşımı bu prosesi yenidən çətinləşdirib.
Transfer və indiki durum
Xatırladaq ki, Mahir Emreli yayda “Nürnberq”dən “Kayzerslautern”ə transfer olunub. Lakin alman mətbuatı yazır ki, hücumçunun yeni klubda özünü tam göstərə bilməməsi artıq rəhbərlikdə suallar doğurur.





