“Bakı Metropoliteni” QSC rəqəmsal texnologiyaların tələblərinə cavab olaraq yeni bir yeniliyi tətbiq edib. İndi sərnişinlər gediş haqqını NFC dəstəkləyən bütün yerli bank kartları, həmçinin Apple Pay və Google Pay kimi mobil ödəniş sistemləri vasitəsilə ödəyə bilərlər. Bu imkan artıq bütün stansiyalarda əlçatandır və paralel olaraq “BakıKart”, “BirBank” və “M10” kartları ilə ödəniş davam etdirilir.
Yeni ödəniş üsulu əvvəlcə Bənövşəyi xəttin stansiyalarında sınaqdan keçirilib və uğurla tətbiq olunub. NFC texnologiyasından istifadə edən sərnişinlərə, kartda balans az olsa belə, birdəfəlik keçid üçün icazə verilir. Lakin balans artırılmadığı halda, kartla daha ödəniş etmək mümkün olmayacaq və kart avtomatik olaraq bloklanacaq.
Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçidlər arasında ən azı 10 dəqiqə fərq olmalıdır, ancaq digər turniketlərdə bu məhdudiyyət yoxdur və kartla ödəniş rahatlıqla həyata keçirilir.





