Ədliyyə Nazirliyində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə dair əlamətdar tədbir təşkil olunub. Nazirliyin rəhbərliyi və kollektivi öncə II Fəxri xiyabanı ziyarət edərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ədliyyə qulluqçusu Ruhin Xəlilovun məzarını ziyarət edib və onun barelyefi önünə gül dəstələri düzüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ədalət sahəsində canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədliyyə Nazirliyinin nazir müavini Abiddin Hüseynov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti ilə qazanılan bu tarixi qələbə xalqımızın iradəsini, birlik və həmrəyliyini nümayiş etdirib, milli ruhda yüksək səviyyədə sintez yaradıb.
Deputat Kamal Cəfərov isə çıxışında Zəfər Gününün dövlətimiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini, işğaldan azad edilmiş ərazilərdə gedən inkişaf və quruculuq işlərinin strateji vacibliyini, həmçinin soydaşlarımız üçün təhlükəsiz və müasir yaşayış şəraitinin yaradılmasını vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə və qazi əməkdaş Nəvai Bayramov çıxışlarında döyüş yoldaşları ilə birlikdə keçirdikləri ağır, amma qürurverici anları bölüşərək, hər bir əsgərin fədakarlığının və həmrəyliyinin torpaqlarımızın azad olunmasında böyük rol oynadığını önə çəkiblər.





