Son illər ölkədə ictimai nəqliyyatda tətbiq edilən güzəştlər sosial müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusən pensiyaçılar, tələbələr və digər həssas qruplar üçün mövcud olan güzəştlərin artırılması ilə bağlı vətəndaşların gözləntiləri yüksəlib. Bu yeniliklər həm ölkə vətəndaşlarının gündəlik xərclərinə əhəmiyyətli təsir göstərəcək, həm də ictimai nəqliyyatdan istifadəni stimullaşdıracaq.
Dünyanın bir çox dövlətində yaş və sosial təbəqə fərqi olmadan müxtəlif güzəşt proqramları tətbiq edilir. Azərbaycan da bu nümunələri öyrənərək öz sistemini daha ədalətli və səmərəli etmək məqsədindədir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin verdiyi məlumata görə, ölkədə bütün avtobuslar nağdsız ödəniş sisteminə keçdikdən sonra güzəştlər tətbiq olunacaq. “2026-cı ilin yanvarın 1-dən etibarən ‘Brutto’ müqaviləsi qüvvəyə minəcək. Bu sistem çərçivəsində günlük, həftəlik, aylıq və illik bilet paketləri təqdim olunacaq,” – ekspert bildirib.
O əlavə edib ki, tələbələr, pensiya alan və müharibə veteranları üçün xüsusi güzəştlər nəzərdə tutulub. Uzaq məsafədən (məsələn, Pirallahı, Bilgəh və Sumqayıt kimi ərazilərdən) gələn sərnişinlər 90 dəqiqə içində yalnız bir dəfə ödəniş edəcək və həmin müddətdə digər nəqliyyat növlərindən pulsuz istifadə imkanına malik olacaqlar. Bu, vətəndaşların xərclərinə qənaət etməsinə şərait yaradacaq.
Güzəştlərin tətbiqi üçün əvvəlcə bütün nağd ödənişlə işləyən avtobuslar ləğv olunmalı, müasir və nağdsız ödənişi dəstəkləyən avtobuslar ilə əvəzlənməlidir. Bu sistemin növbəti iki il ərzində tam tətbiqi gözlənilir.





