Hazırda dünya üzrə kibertəhlükəsizlik xidmətləri təmin edən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində böyük texniki nasazlıq müşahidə olunur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, nasazlıq səbəbindən Azərbaycanda bir sıra internet resurslarına girişdə və xidmətlərdə məhdudiyyətlər yaranıb. ETX qeyd edir ki, bu problemin səbəbi ölkənin lokal infrastrukturunda və ya milli internet şəbəkəsində deyil, birbaşa “Cloudflare”nin beynəlxalq sistemində baş vermiş nasazlıqdır və bu dünya üzrə minlərlə istifadəçiyə təsir göstərir.
“Cloudflare” tərəfindən də verilən açıqlamada qeyd olunur ki, onlar hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli problemi araşdırır və tezliklə aradan qaldırmaq üçün iş aparırlar.





