Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci ilin “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı” çərçivəsində ölkəmizdə NATO-nun Niderlandın Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Təcrübələrin öyrənilməsi” mövzusunda kurs təşkil olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Kursun açılış mərasimində çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan-NATO hərbi əməkdaşlığının genişləndirilməsinin önəmini vurğulayıb. O, son illərdə hərbi qulluqçuların əldə etdiyi təcrübələri xidmət sahəsində uğurla tətbiq etdiyini xüsusilə qeyd edib.
Təlimçilər tərəfindən iştirakçılara NATO-nun struktur və fəaliyyətləri haqqında ümumi məlumat verilib. Həmçinin NATO-nun ştat strukturu, keçilən təlimlər və əməliyyatlarda toplanan təcrübə ilə bağlı müxtəlif mövzularda brifinqlər təşkil olunub.
Xatırladaq ki, kurs Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilir və burada əməliyyat planlama, idarəetmə və digər əlaqəli nəzəri-praktiki məşğələlər keçiriləcək.





