Peruda çalışan arxeoloqlar Amerika qitəsində Günəş və Ayın müşahidəsi üçün istifadə olunmuş indiyədək məlum olan ən qədim astronomik qurğunu müəyyən ediblər. Kəşf Ankaş bölgəsinin sahilində, Kasma vadisində yerləşən arxeoastronomik kompleksdə aparılan qazıntılar zamanı üzə çıxıb.
Məlum olub ki, yeni aşkar edilən bu sistem məşhur Şankillo Günəş Rəsədxanasından təxminən 1000 il daha qədimdir; Şankillo kompleksi eramızdan əvvəl təqribən 250-ci ilə aid edilir və UNESCO tərəfindən Dünya İrsi siyahısına daxil edilib. Qədim kompleksdəki “On üç qüllə” Günəşin ilboyu çıxma və batma trayektoriyasını dəqiq izləməyə imkan verən ən qədim günəş rəsədxanası kimi tanınır.
Layihəyə rəhbərlik edən arxeoloq İvan Gessi bu tapıntının İspaniyadan əvvəlki Peruda astronomiyanın inkişafı ilə bağlı elmi təsəvvürləri dəyişə biləcəyini bildirir. Onun sözlərinə görə, bu ərazidə Şankillodan çox-çox əvvəl astronomik funksiyaya malik olmuş, daş, gil və bişməmiş kərpicdən tikilmiş müxtəlif konstruksiyalar mövcud olub və onlar xüsusi istiqamətlənməsi ilə seçilir.
Tədqiqatçılar bildirirlər ki, aşkarlanan sistem təkcə Günəşin illik hərəkət trayektoriyasını izləmək üçün deyil, həm də Ayla bağlı hadisələri qeydə almaq üçün istifadə edilib. Qazıntılar zamanı Ayla hizalanan xüsusi keçid və müşahidə koridoru müəyyən edilib ki, bu da kompleksin həm günəş, həm də ay rəsədxanası kimi funksional olduğunu göstərir.





