Amerikalı müğənni və internet fenomeni Oliver Tree Braziliyada baş verən faciəvi helikopter qəzasında həyatını itirib. 32 yaşlı sənətçi Rio-de-Janeyro şəhəri üzərində iki helikopterin toqquşması nəticəsində ölən altı nəfərdən biri olub. Hadisə böyük rezonans doğurub və musiqi dünyasını sarsıdıb.
İlkin məlumata görə, qəza Rio-de-Janeyronun qərb hissəsində yerləşən Recreio dos Bandeirantes rayonunda baş verib. Havada toqquşan helikopterlərdən biri elektrik avtomobillərinin saxlanıldığı avtosalonun ərazisinə düşüb. Nəticədə təxminən 20 avtomobil yanıb. Yanğınsöndürənlər alovu söndürsələr də, hər iki hava gəmisində olan şəxslərin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri hazırda araşdırılır.
Dünya turu faciə ilə yarımçıq qaldı
Oliver Tree qəza zamanı dünya turu çərçivəsində Braziliyada olub. Sənətçi yaxın aylarda yeddi qitədə 30 ölkəni əhatə edən 70-dən çox konsert proqramı həyata keçirməyi planlaşdırırdı. Qəzadan bir neçə gün əvvəl Argentinada səhnəyə çıxan ifaçı sosial şəbəkələrdə Braziliyadan görüntülər paylaşmışdı.
Helikopterlərdən birində Oliver Tree ilə yanaşı braziliyalı musiqi prodüseri, argentinalı videorejissor və məşhur yutuber Gaspar Prim də olub. Rəsmi qurumlar qurbanların şəxsiyyətlərinin tam təsdiqlənməsi üçün əlavə prosedurların davam etdiyini bildiriblər.
Oliver Tree alternativ pop və elektron musiqi janrlarında fəaliyyət göstərirdi. O, xüsusilə “Life Goes On”, “Miss You”, “Alien Boy” və “When I’m Down” kimi hitləri ilə beynəlxalq şöhrət qazanmışdı. Spotify platformasında aylıq 11 milyondan çox dinləyicisi olan ifaçının bəzi mahnıları yüz milyonlarla dəfə dinlənilib.
Sənətçi 2024-cü ildə Robin Schulz ilə birlikdə hazırladığı “Miss You” mahnısına görə Brit Awards mükafatına namizəd göstərilmişdi. O, həmçinin dünyanın ən böyük skuteri üzrə Ginnes rekordunun sahibi kimi də tanınırdı.





