Azərbaycan Milli Məclisi zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul edib.
Müzakirəyə çıxarılan dəyişiklik layihəsi “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara əlavə olunur. Dəyişikliklərə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya könüllü olaraq bağlaşma əsasında hərbi xidmətə daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 1 il olaraq müəyyən ediləcək, hazırda isə bu müddət 1 il 6 aydır.
Həmçinin, layihədə müvəffəqiyyətlə zabit hazırlığı kursunu bitirən ali təhsilli müddətli həqiqi hərbi xidmət qulluqçularına leytenant hərbi rütbəsi verilməsi nəzərdə tutulub.
Layihə müzakirələrdən sonra səsverməyə qoyulub və birinci oxunuşda qəbul edilib.





