Azərbaycanda son dövrlər inflyasiya səviyyəsinin yüksəlməsi, valyuta bazarındakı dalğalanmalar və qızılın qiymətinin artması vətəndaşların investisiya seçimlərini aktuallaşdırıb. Xalq arasında qızıl və dollar yatırımına maraq güclənib, lakin ən doğru seçim hansıdır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri və iqtisadçı ekspert Vüqar Oruc açıqlamasında bildirib ki, inflyasiya yalnız Azərbaycanda deyil, dünyada ümumi bir tendensiyadır. ABŞ dolları ilə bağlı valyutada vaxt keçdikcə devalvasiya və süni artımlar müşahidə olunsa da, bu, alıcılıq qabiliyyətinə ciddi təsir etmir. Digər tərəfdən, qızıl yığımdan başqa bir şey olmayıb, əlavə gəlir mənbəyi kimi çıxış etmir.
Ekspertin fikrincə, mövcud vəsaitin daşınmaz əmlaka yönəldilməsi daha perspektivli və sərfəlidir. Çünkü daşınmaz əmlak real dəyərə malik olmaqla yanaşı, inflyasiyaya qarşı davamlıdır, zamanla qiyməti artır və əlavə olaraq kirayə gəliri təmin edir. Bundan əlavə, daşınmaz əmlak bazarı valyuta bazarındakı dalğalanmalardan və qızıl kimi passiv aktivlərin daşıdığı risklərdən daha az təsirlənir.
“Bu səbəbdən pulun daşınmaz əmlaka yatırılması sahibinə həm sabitlik, həm də real gəlir qazanmaq imkanı yaradır,” – Vüqar Oruc vurğulayıb.





