Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “MyCulture” Vahid Şəxsi Kabineti (my.culture.az) “MilliNet 2025” milli internet müsabiqəsində “İlin rəqəmsal mədəniyyət və turizm həlli” nominasiyasının qalibi elan edilib. Bu nəticə mədəniyyət sahəsində rəqəmsallaşma istiqamətində son illər atılan addımların peşəkar İT ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
“MyCulture” və “e-Culture” strategiyası
Mədəniyyət sahəsində rəqəmsal transformasiya Nazirliyin əsas prioritetlərindən biri kimi müəyyən olunub və bu proses 2024–2026-cı illəri əhatə edən “e-Culture” rəqəmsal inkişaf strategiyası ilə sistemləşdirilib. Strategiya çərçivəsində mədəniyyət ekosisteminin müxtəlif klasterlərində – təhsil, yaradıcı sənayelər, qrant proqramları, kadr idarəçiliyi və s. üzrə elektron həllərin tətbiqinə genişləndirilmiş formada start verilib.
Bu kontekstdə “MyCulture” vahid şəxsi kabineti xüsusi strateji rol oynayır. “Giriş səhifəsi” (Landing page) və “Kabinet” modullarından ibarət olan platforma mədəniyyət sahəsində xidmətlərin “bir pəncərə” prinsipilə təqdim olunmasına imkan yaradır və rəqəmsal mədəniyyət ekosisteminin əsas bazasını formalaşdırır. İstifadəçilər şəxsi hesab vasitəsilə xidmətlərə müraciət edə, statusu izləyə, elanlarla tanış ola və rəqəmsal əməkdaşlıq mühitinə qoşula bilirlər.
Son iki il ərzində ilk dəfə olaraq incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerləşdirilməsi, həmçinin müsabiqə, qrant, təqaüd proqramları, attestasiya və işə qəbul proseslərinə müraciətlərin qəbulu və idarə edilməsi kütləvi şəkildə “MyCulture” üzərindən icra olunub. 2025-ci il üzrə platformaya unikal giriş edən istifadəçilərin sayı təxminən 125 min nəfər təşkil edib ki, bu da sistemin həm coğrafi, həm də funksional əhatə dairəsinin sürətlə genişləndiyini göstərir.
Platforma ölkə üzrə vahid giriş sistemi olan DigitalLogin (MyGovID/“ASAN Login”) ilə inteqrasiya edilib və mövcud bütün identifikasiya vasitələri ilə daxil olma imkanı təqdim edir. Sistem müvafiq dövlət qurumlarının kibertəhlükəsizlik auditlərindən uğurla keçib, zəruri təhlükəsizlik sertifikatları və protokolları tətbiq olunub. Müasir texnologiyalar əsasında qurulan kod strukturu sayəsində “MyCulture” “Hökumət Buludu” (g-Cloud) infrastrukturuna köçürülüb və yüksək dayanıqlıqla fasiləsiz xidmət göstərir.
“MilliNet 2025”də rəqabət və qiymətləndirmə
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet” müsabiqəsi ölkənin aparıcı milli internet mükafatlarından hesab olunur və hər il müxtəlif sahələrdə fəaliyyət göstərən rəqəmsal resurslar arasında keçirilir. Müsabiqə çərçivəsində sosial, mədəni, elmi, iqtisadi, hüquqi və digər istiqamətləri əhatə edən layihələr qiymətləndirilir, innovativ yanaşmalar və dayanıqlı rəqəmsal həllər önə çıxarılır.
Cari ildə “MilliNet 2025”ə 13 əsas nominasiya üzrə ümumilikdə 179 rəqəmsal resurs təqdim edilib. Ekspert Şurası və digər peşəkar strukturlardan ibarət 15 nəfərlik komissiya layihələri faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və bir sıra digər meyarlara əsasən iki mərhələdə dəyərləndirib. Yekunda hər nominasiya üzrə qaliblər müəyyən olunub və “MyCulture” Vahid Şəxsi Kabineti “İlin rəqəmsal mədəniyyət və turizm həlli” kateqoriyasında əsas mükafata layiq görülüb.
Müsabiqənin məqsədləri sırasında yerli rəqəmsal ekosistemin inkişafı, innovativ onlayn xidmətlərin təşviqi, startap və İT layihələrinin tanıdılması kimi hədəflər də var. “MyCulture” platformasının mükafatlandırılması bu mənada mədəniyyət sektorunda dövlət qurumlarının rəqəmsal idarəetmə və xidmət keyfiyyəti üzrə yeni standart formalaşdırdığını göstərir.





