Növbəti 3 il ərzində istismara veriləcək stansiyalardan 5,3 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəticəsində 1,2 milyard kubmetr qaz sərbəstləşəcək və 2,5 milyon tona qədər karbon emissiyalarının azalması gözlənilir.
Daylinews-az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan energetikasında yaşıl era” adlı məqaləsində qeyd olunub. Nazir bildirib ki, 2027-ci ilə qədər təxminən 2,8 milyard dollar həcmində xarici və yerli investisiyalar hesabına 2 qiqavat gücündə sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması planlaşdırılır. Bu, Azərbaycanın yaşıl enerji sahəsində geriyə dönməz bir prosesə qədəm qoyduğunu göstərir.
“Bərpa olunan enerji gündəliyimizin həyata keçirilməsi, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində daha geniş bir sürət qazanıb. Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 1 milyard dollar məbləğində investisiya dəyərinə malik, 1000 meqavat gücündə üç stansiyanın təməli qoyulub. Neftçalada 315 meqavat, Biləsuvarda 445 meqavat gücündə günəş, Abşeron-Qaradağda isə 240 meqavat gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulub,” – deyə nazir qeyd edib. O əlavə edib ki, “ACWA Power” şirkəti ilə 200 meqavat gücündə Batareya Enerji Saxlanc Sistemi (BESS) və külək enerjisi layihələri üzrə müqavilələr də imzalanıb.
Bundan başqa, Böyükşor gölündə üzən günəş panelləri layihəsi çərçivəsində Asiya İnkişaf Bankının dəstəyi ilə ümumi gücü 100 kilovat olan, illik 160 min kilovat-saat elektrik enerjisi istehsal edən Günəş Elektrik Stansiyası istifadəyə verilib.
P.Şahbazov bildirib ki, Azərbaycanda ilk bərpa olunan enerji hərracına start verilib və 100 meqavat gücündə “Qobustan” Günəş Elektrik Stansiyası layihəsi üzrə hərracın nəticələri COP29 zamanı elan olunacaq. Bununla yanaşı, Cəbrayılda inşa ediləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası da bu layihələrin bir hissəsidir. Bu stansiya karbohidrogenlər və yaşıl enerjinin vəhdətini nümayiş etdirəcək.
Energetika naziri həmçinin bildirib ki, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası ilə bağlı işlər davam edir. Pirəkəşkül və Sitalçay kəndlərində quraşdırılacaq 40 külək turbininin komponentləri artıq əraziyə gətirilib. İlk turbin COP29 tədbirinə qədər hazır olacaq. Bununla yanaşı, Cəbrayılda “Nobel Energy” tərəfindən 100 meqavat gücündə, Füzulidə isə “China Gezhouba Group Overseas Investment” tərəfindən 160 meqavat gücündə iki Günəş Elektrik Stansiyasının inşası davam etdirilir.
Nazir qeyd edib ki, ölkəmiz 2030-cu il üçün qoyulmuş 30 faizlik hədəfə daha erkən nail olacaq və yaşıl enerjinin elektrik enerjisi istehsalındakı payı 2027-ci ildə artıq 33 faiz olacaq.