Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” Qanuna daxil edilən yenilikləri təsdiqləyərək elektron siqaretlərin idxalını, ixracını, istehsalını, saxlanmasını, topdan-pərakəndə satışını və istifadəsini qadağan edib.
Nikotinli elektron siqaretlər artıq rəsmi olaraq tütün məmulatı sayılır. Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Elektron siqaret nədir və nəyə aid deyil
Elektron siqaret buxar vasitəsilə nikotini (və ya ondan azad) tənəffüs etmək üçün nəzərdə tutulmuş cihazdır – müştük, kartridj, flakonlu və ya doldurulmaqla təkrar istifadə olunan modellər daxildir. Qida, dərman, tibbi cihazlar istisna tutulub.
Qızdırılan tütün məhsulları (tütünü yandırmadan qızdıraraq aerozol yaradan) elektron siqaret kimi təsnif edilməyəcək.
Vergi və reklam dəyişiklikləri
Vergi Məcəlləsindən “birdəfəlik elektron siqaret” və “elektron siqaret mayesi” aksiz siyahısından çıxarılıb, vergi dərəcələri ləğv edilib.
“Reklam haqqında” Qanunda yeni anlayışlara uyğun qadağalar gücləndirilib. Bu, hüquqi tətbiqi asanlaşdıracaq və elektron siqaretlərin yayılmasını dayandıracaq. Azərbaycanda siqaretdən ölüm sayı illik 10 mindən çoxdur, elektron siqaretlər gənclər arasında populyarlaşırdı.





